BAKI, 18 sentyabr. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC gələcəkdə daha 14 yük lokomotivinin alınması ilə bağlı danışıqlar aparılır.
Bu barədə Teleqraf-a açıqlamasında Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, proses hələ danışıq mərhələsində olduğu üçün texnikanın satınalma prosesinin nə zaman yekunlaşacağı bəlli deyil:
“Böyük ehtimalla, bu lokomotivlər də Çindən alınacaq”.
“Nəzərə alsaq ki, qlobal miqyasda bu gün, xüsusilə Orta Dəhliz üzrə yükdaşımalara tələbat artır və artıq biz bunun nəticəsini də görürük. Çindən Azərbaycan istiqamətində göndərilən blok qatarların sayı artır. Bu gün bu yeni lokomotivlərin alışı yalnız Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi kimi deyil, həm də ümumilikdə Azərbaycandan keçən dəhlizlər üzrə tranzit yüklərin daşınmasına artan tələbatın cavabı olaraq qiymətləndirilməlidir”.
B. Hacıyev xatırladıb ki, ADY lokomotiv parkını Çindən alınan 7 yeni AC50 tipli lokomotivlə genişləndirib:
“Bu lokomotivlər müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz olunub. Məhz bu müasir texnologiya sayəsində həmin lokomotivlərlə daha ağır tonnajlı yüklərin daşınmasına şərait yaranır. Bu da ümumilikdə yükdaşımaların daha səmərəli təşkilinə imkan verir. Bu texnikadan Azərbaycandan keçən beynəlxalq dəhlizlər üzrə yükdaşımalarında istifadə olunacaq”.