BAKI, 18 sentyabr. TELEQRAF
“Azərbaycan Dəmir Yolları” (ADY) QSC lokomotiv parkını Çindən alınan 7 yeni AC50 tipli lokomotivlə genişləndirib.
Teleqraf xəbər verir ki, Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin istehsalı olan lokomotivlər artıq Azərbaycana gətirilib.
Bununla yanaşı, ADY ilə “CRRC Ziyang” arasında əməkdaşlıq çərçivəsində yeni magistral sərnişin lokomotivlərinin alınması da nəzərdə tutulur.
Qeyd edək ki, bu ilin iyununda tərəflər 4 yeni magistral sərnişin lokomotivinin alınmasına dair müqavilə imzalayıblar. Müqaviləyə əsasən, həmin lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması planlaşdırılır.
Magistral lokomotivlər qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir. Bu lokomotivlər ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir. Magistral teplovozlar müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Texniki xidmət dövriliyinin 90 gün müəyyən edilməsi lokomotivlərin daha etibarlı və fasiləsiz istismarına, həmçinin teplovozun əsas çəninin tutumunun 2 min litr sıxılmış hava təşkil etməsi və 2 kompressordan ibarət olması daha uzun tərkibli qatarların daşınmasına da imkan yaradır.
Eyni zamanda, iki lokomotivin ard-arda qoşularaq bir lokomotiv briqadası tərəfindən idarə olunması dəmir yolu ilə daha çox yükün daşınmasına, ağır tonnajlı yük qatarlarının idarə olunması zamanı əməliyyat səmərəliliyinin artırılmasına və lokomotivlərdən daha effektiv istifadəyə şərait yaradır.
AC50 modeli Beynəlxalq Dəmir Yolları İttifaqı (UIC) tərəfindən müəyyən edilmiş IIIA səviyyəli ekoloji standartlara cavab verir. Bu, lokomotivlərdən xüsusi emissiya tələbləri olan ərazilərdə sərbəst istifadə imkanı verir.