BAKI, 5 dekabr. TELEQRAF
Ötən ilin noyabrın 9-da Gəncədə baş verən və iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, qəzanın iştirakçısı Sənan İsgəndərov 5 il 6 ay azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə günü Sənan İsgəndərov idarə etdiyi “Mercedes” markalı avtomobillə “Opel” markalı maşın toqquşub. Hadisə nəticəsində “Opel”də olan Faxrəddin Əliyev və həyat yoldaşı Kəbirə Əliyeva çatdırıldıqları xəstəxanada dünyasını dəyişib.
Ehtiyatsızlıqdan baş vermiş hadisə zamanı 2001-ci il təvəllüdlü Sənanın 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələblərə əməl etməyərək avtomobili saatda 108 kilometr sürətlə idarə etdiyi müəyyənləşib.
Məhkəmədə ifadə verən zərərçəkmişlərin oğlu bildirib ki, xəstəxanaya gedəndə atasının başının yarıldığını, anasına da elektroşok verildiyini görüb:
“Təxminən yarım saat sonra anam dünyasını dəyişdi. Bir gün sonra atamı Mərkəzi Klinika Gəncə Xəstəxanasına apardıq, həmin vaxt xəstəxananın pulunu ödəyə bilmədiyimiz üçün atamı qəbul etmədilər. Təxminən 20 dəqiqə atamı təcili tibbi yardım avtomobilində qaldı, sonra qardaşım pul tapıb gətirdi. Bir neçə gün sonra da atam dünyasını dəyişdi”.
Fəxrəddin Əliyev və Kəbirə Əliyevanın hüquqi varisləri təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildiriblər. Onlar Sənan İskəndərova yüngül cəza verilməsini məhkəmədən xahiş ediblər.
Qeyd edək ki, hadisə nəticəsində həyatını itirən Fəxrəddin Əliyevin həyat yoldaşı Kəbirə Əliyeva
Şəmkir rayon İ.Əliyev adına Füzuli qəsəbə tam orta məktəbində çalışırdı.