BAKI, 27 noyabr. TELEQERAF
Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə video çəkərək sosial şəbəkələrdə yayan və polis tərəfindən həbs olunan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammadın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyində tədqiqatçı işləyir.
Sonra məhkəmədə onların Azərbaycan xalqına müraciəti elan olunub. Hər 3 şəxs bildirib ki, onlar olduqları yerin hara olduğunu bilməyiblər.
"Azərbaycan bizim üçün dost və doğma ölkədir. Oranın Azərbaycan xalqı üçün müqəddəs yer olduğunu bilməmişik. Buna görə də Azərbaycan xalqından, şəhid ailələrindən və qazilərdən üzr istəyirik".
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, sözügedən şəxslər bu il avqustun 16-da saat 17:00 radələrində Şəhidlər xiyabanına gələrək bir neçə şəhidin məzarı üzərində qeyri-etik hərəkətlər ediblər. Şəhid məzarlarının üzərindəki gülləri təpikləyiblər.
Təqsirləndirilən şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.
Daha sonra onların ifadələri dinlənilib.
Alghabr Mohammad Hussain ifadəsində bildirib ki, onlar funikulyora minmək məqsədi ilə Şəhidlər xiyabanından keçiblər:
"Biz Bakıya bələdçisiz gəlmişik. Sürücümüz dedi ki, Dağüstü Parkda funikulyor var. Ona minib bütün Bakını görə bilərik. Ora gedəndə isə şəkillər və güllər olan bir yer gördük. Bilmədik ki, bura Şəhidlər xiyabanıdır. Hərəkətləri edəndən sonra iki qadın dedi ki, bura qəbiristanlıqdır. Biz də əsgər salamı verib uzaqlaşdıq. Elə bilmişdik ki, bura turistlərin deyib-gülə biləcəyi bir məkandır. Təhqir etməmişik, gülləri də dağıtmamışıq".
Zərərçəkənin hüquqi varisi Eldəniz Fərəcov ondan özünü təqsirli bilmədiyi halda niyə üzr istədiyini soruşub. Təqsirləndirilən bildirib ki, video yanlış anlaşıldığı üçün üzr istəyib.
Digər iki təqsirləndirilən də oxşar ifadə veriblər. Məlum olub ki, videonu Alghabr Mahdi Mohammad çəkib və onun qeyri-etik hərəkəti olmayıb.
Prosesin davamında zərərçəkənlər ifadə veriblər. Eldəniz Fərəcov qohumunun xalq yolunda şəhid olduğunu vurğulayıb və təqsirləndirilənlərin özlərini təqsirli bilmədiyinə görə onları bağışlamadığını deyib.
Digər zərərçəkən də təqsirləndiriləni bağışlamadığını, xadimədən qardaşının məzarı başında güllərin dağıdıldığını öyrəndiyini bildirib.
Hər iki zərərçəkənin qohumu eyni gündə eyni ərazidə şəhid olub.
Prosesdə şahid qismində ifadə verən bağban Tərlan Mənsimov deyib ki, təqsirləndirilən şəxsləri məzarın qarşısında oynayarkən görüb.
Növbəti məhkəmə prosesi dekabrın 4-nə təyin edilib
Qeyd edək ki, bu ilin avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmasından sonra Səbail Rayon Polis İdarəsində araşdırma aparılıb.
Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.
Təqsirli bilinən şəxslərin barəsində Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.