BAKI, 27 noyabr. TELEQRAF

“Optimal Elektroniks” MMC reklam xidmətləri üzrə yaranmış borcu ödəmədiyi üçün məhkəməyə verilib. Son zamanlar maliyyə çətinlikləri yaşayan şirkətə qarşı 72 min manat məbləğində iddia qaldırılıb.

Teleqraf xəbər verir ki, iddiaçı şirkət 2022-ci ildən etibarən “Optimal” mağazalar şəbəkəsinə reklam xidmətləri göstərib, lakin müqavilə üzrə ödənişlər həyata keçirilmədiyi üçün məhkəməyə müraciət edib.

Məlum olub ki, “Bosch” firmasının Azərbaycandakı rəsmi distribütoru olan “Optimal” həmin markanın reklamlarını həyata keçirən şirkətə ödəniş etməyib.

Bakı Kommersiya Məhkəməsi iddiaçının tələbini təmin edib və müəyyənləşdirib ki, “Optimal Elektroniks” MMC-nin 72 min manat borcu mövcuddur. Qərara əsasən, bu məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şirkət qərarla razılaşmayaraq apellyasiya şikayəti verib.

Cavabdeh (“Optimal” – red.) tərəf iddia edib ki, iş materiallarındakı təhvil-təslim aktları səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. Məhkəmənin qərarı ilə xəttşünaslıq ekspertizası təyin olunub və ekspert rəyi təsdiqləyib ki, aktların “icraçı” qrafalarındakı imzalar şirkət rəhbəri tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilib.

Bununla belə, məhkəmələr belə qənaətə gəlib ki, reklam müqavilələri şirkətin digər səlahiyyətli şəxsləri tərəfindən imzalansa da, rəhbərliyin bundan xəbəri olub və razılıq verilib. Son olaraq möhürü də şirkətin rəhbəri vurub.

İş üzrə şahid qismində “Optimal Elektroniks”də uzun müddət marketinq şöbəsinin direktoru olmuş Günel Sultanova ifadə verib. O bildirib ki, marketinq şöbəsinə rəhbərlik edib, müxtəlif reklam şirkətləri ilə əməkdaşlıq aparılıb, layihələr müqavilələr əsasında icra olunub.

Sultanova əlavə edib ki, təhvil-təslim aktları əvvəlcə onun tərəfindən imzalanıb. Daha sonra aktlar şirkətin direktoru Əhəd Əsgərov tərəfindən möhürlənib.

Sultanovanın sözlərinə görə, 2023-cü ildən şirkətdə ödənişlərlə bağlı problemlər yaranıb və borcların ödənilməsi tam dayanıb.

“Optimal”ın direktoru məhkəmə prosesində borcu qəbul etməsə də, onun telefon danışıqları sübut kimi qiymətləndirilib. Səs yazılarının məzmunundan aydın olub ki, şirkətin direktoru Əhəd Əsgərov borcu etiraf edib, ödəniş üçün qarşı tərəfdən vaxt istəyib.

Apellyasiya şikayətində cavabdeh (“Optimal” - red.) tərəf iddia edib ki, Günel Sultanova qarşı tərəflə qeyri-prosessual əlaqədə olub və buna görə şirkətin əleyhinə ifadə verib. Şirkət iddia edib ki, Günel Sultanova reklam şirkəti ilə qeyri-prosesual əlaqədə olduğu üçün illərlə ailəsinə çörək apardığı müəssisənin əleyhinə ifadə verib.

Lakin məhkəmə bu arqumenti əsaslı hesab etməyib.

Bakı Apellyasiya Məhkəməsi “Optimal Elektroniks”in şikayətini əsassız hesab edərək birinci instansiya qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, “Optimal Elektroniks” MMC ilə bağlı maliyyə problemləri haqqında açıq mənbələrdə bir sıra məlumatlar yer alır. Şirkətin bu günə olan vergi borcu 45 min 500 manat təşkil edir.

Əlavə edək ki, nizamnamə kapitalı 11 milyon 485 min manat olan şirkətin qanuni təmsilçisi Əhəd Əsgərovdur.