BAKI, 26 noyabr. TELEQRAF
Vətən müharibəsi iştirakçısı narkotik vasitə istifadəsinə görə həbs edilib. Məhkəmə onun barəsində hökm çıxarıb.
Teleqraf xəbər verir ki, 1995-ci il təvəllüdlü Elşən Qafarov (soyad şərtidir) Naftalan şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərindən metadon həbləri aşkar edilərək götürülüb.
E.Qafarov istintaqa verdiyi ifadəsində bildirib ki, həmin həbləri şəxsi istifadəsi üçün əldə edib. O vurğulayıb ki, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib, müharibə veteranıdır. Müharibə zamanı aldığı xəsarətlər səbəbindən son vaxtlar sakitləşdirici kimi metadon həblərindən istifadə etdiyini deyib.
Qafarov qeyd edib ki, üzərində aşkar olunan metadon həblərini Yevlax şəhərində yaşayan Rasim adlı şəxsdən şəxsi istifadəsi üçün əldə edib. O, əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş edib.
Naftalan Şəhər Məhkəməsinin hökmü ilə Elşən Qafarov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması) ilə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə hökm çıxararkən təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə məhkum olunmasını, Vətən müharibəsində iştirakını və "Suqovuşanın azad olunmasına görə" medal ilə təltif olunmasını yüngülləşdirici hal kimi nəzərə alıb.
Bundan əlavə, məhkəmə E.Qafarov barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsi barədə də qərar qəbul edib.