BAKI, 25 noyabr. TELEQRAF

Yasamalda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən şəxsin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Teleqraf xəbər verir ki, 2002-ci il təvəllüdlü Məzahir Kərimov idarə etdiyi "Hyundai Grandeur" markalı avtomobillə hərəkətdə olarkən, piyada 1961-ci il təvəllüdlü Şaiq Mansurovu vurub.

Hadisə Yasamal rayonu, Ş. Mehdiyev küçəsində qeydə alınıb.

Məzahir Kərimov atasına məxsus avtomobili etibarnamə ilə idarə etdiyi zaman qəza baş verib. Avtomobildə Məzahirin qardaşı da olub. Qəzadan sonra onlar yaralını xəstəxanaya çatdırıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxslə mərhumun ailə üzvləri arasında barışıq əldə olunub. Mərhumun xanımı Məzahir Kərimovu bağışlayıb.

M. Kərimov Yasamal Rayon Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.