BAKI, 21 noyabr. TELEQRAF
Bacısının keçmiş həyat yoldaşını bıçaqlayan şəxs azadlığa çıxmaq istəyir.
Teleqraf xəbər verir ki, təqsirləndirilən Fariz Hümbətov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən apellyasiya şikayəti verən F. Hümbətov barəsində şərti cəza çıxarılmasını, azadlığa buraxılmasını istəyib.
F. Hümbətov hadisə barədə bildirib ki, bacısının keçmiş ərini bıçaqlamasının səbəbi olub, amma bundan peşmandır:
“Bacım marketdə işləyir. Onun keçmiş həyat yoldaşı ora gələrək bacımı vurmuşdu. Bununla əlaqədar bacım polisə şikayət ərizəsi yazmağa getmişdi. Polis bölməsindən çıxandan sonra onların arasında yenidən münaqişə oldu. Mən də orada idim və bizim aramızda da gərginlik yaşandı. Sonra axşam görüşəcəyimiz barədə razılaşıb oradan uzaqlaşdıq.
Daha sonra mən ona zəng etdim və saat 21:00-da görüşmək barədə yenidən razılaşdıq. Evdən çıxanda özümü qorumaq məqsədilə bıçaq götürmüşdüm. Hərəkətlərindən təhlükəli olduğunu bildiyim üçün bıçaq götürmüşdüm. Görüş zamanı əlbəyaxa olduq, təhqiramiz sözlər işlətdik. Aydınlaşdırmağa çalışırdım ki, boşanıb gedibsə niyə yenidən gəlib. Dava nəticəsində ona iki bıçaq zərbəsi endirdim. Hazırda aramız yaxşıdır, barışıq əldə olunub.”
Qeyd edək ki, Fariz Hümbətov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Bakı Apellyasiya Məhkəməsi F. Hümbətovun şikayətini təmin etməyib.