BAKI, 19 noyabr. TELEQRAF

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin rəisi Ramin Şükürov, həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf-ın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.

İttiham nitqi ilə çıxış edən prokuror Orxan Kəngərli Ramin Şükürovun 11, Xalid Əzizovun 10, Emil Nəbiyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Dövlət ittihamçısı əlavə cəza olaraq onların hər birinin 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməsini istəyib.

Təqsləndirilən şəxslərin vəkilləri müvəkkililərin barəsində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

Təqsirləndirlilən şəxslər də son sözdə hökmü çıxarılmasını istəyiblər.

Müşavirədən sonra hakimlər hökm elan ediblər.

Hökmən əsasən, Ramin Şükürova 4 il sınaq müddəti olmaqla 10 il, Xalid Əzizova 2 il 6 ay sınaq müddəti olmaqla 9 il, Emin Nəbiyev isə 3 il sınaq müddəti olmaqla 9 il şərti cəza alıblar.

Əlavə cəza olaraq təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum ediliblər.

İttihama görə, Ramin Şükürovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib.

Onlar çağırışçıların dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilmələri barədə hərbi biletin verilməsi və hərbi qeydiyyata alınma prosesinin sürətləndirilməsi müqabilində ayrı-ayrı şəxslərdən külli miqdarda pul vəsaitini təkrarən rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Ramin Şükürovun öz qulluq mövqeyindən istifadə etməklə qeyd olunan Xidmətin Nərimanov rayon idarəsində hərbi qeydiyyatda olan vətəndaş Natiq Soltanovun dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsinə kömək olunması ilə bağlı ondan 30 min manat pul alıb. Eyni əməllərlə çağırışçılar - Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdın 2 min, Fuad Rüstəmovdan 4 min manat rüşvət alınıb.

Toplanmış sübutlar əsasında Ramin Şükürova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddələri ilə ittiham elan edilib.

Emil Nəbiyev və Xalid Əzimova isə Cinayət Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələri ilə ittiham elan olunub. İstintaq dövründə Ramin Şükürovun barəsində həbs, Emil Nəbiyev və Xalid Əzimovun barəsində ev dustaqlığı növündə qətimkan tədbiri seçilib.

Bu il sentyabrın 1-də Bakı Hərbi Məhkəməsi tərəfindən Ramin Şükürov ev dustaqlığına buraxılıb.