BAKI, 21 sentyabr. TELEQRAF
Bir qrup azərbaycanlı jurnalistlə avqustun 30-dan sentyabrın 4-dək İsraildə olduq. Bir neçə gün Qüdsün qədim küçələrindən Livan sərhədinə, Yad Vaşem Holokost Memorialından Təl-Əvivin dinamik sahillərinə qədər fərqli məkanları görmək, fərqli talelərlə tanış olmaq imkanım oldu.
Bu səfər mənim üçün sadəcə yeni coğrafiyanı kəşf etmək deyil, həm də xəbər lentlərində gördüyümüz reallıqların arxasındakı insan hekayətlərini yerində anlamaq imkanı idi. Səfər zamanı baş tutan bəzi görüşlər, dinlədiyim insan taleləri və eşitdiyim gözlənilməz hekayələr səfər başa çatdıqdan sonra da uzun müddət düşüncələrimdə qaldı.

Qüds: Üç dinin kəsişdiyi canlı tarix
Səfərin ən yaddaqalan dayanacaqlarından biri Qüds oldu.
Qüdsdə gəzərkən tarixlə bu qədər yaxın təmasda olmaq fərqli bir duyğudur. Ağlama Divarı, Müqəddəs Qəbir Kilsəsi və Əl-Əqsa məscidinin daxil olduğu müqəddəs ərazi bir-birinə addımlıq məsafədə yerləşsə də, onların hər birinin arxasında fərqli dini təfəkkür və tarixi yaddaş dayanır.
Bu şəhərdə insan istər-istəməz inanır ki, Tanrıya olan sevgi insanları birləşdirməyə, fərqliliklərə baxmayaraq onları qarşılıqlı hörmət və tolerantlıq içində yaşatmağa qadirdir. Çünki müqəddəs məkanların dəyəri yalnız onların tarixi ilə deyil, insanların bəslədiyi inam, ümid və mənəvi bağla ölçülür.
Qüdsü kitablar, televiziya, internet və xəbərlər vasitəsilə tanımaqla onu öz gözlərinlə görmək arasında böyük fərq var. Ekran arxasından izlədiyin o böyük tarix burada addımbaaddım qarşında canlanır, küçələri gəzdikcə zamanın izlərini canlı şəkildə hiss edirsən.
.jpg)

Yad Vaşem – söz tapmağın çətin olduğu yer
Səfər çərçivəsində Yad Vaşem Holokost Memorial Kompleksini də ziyarət etdik. İkinci Dünya müharibəsinin bəşər tarixinə vurduğu ən dərin yaralardan biri, sözsüz ki, Holokost faciəsidir.
Burada insanın gördüklərini sadəcə soyuq bir "tarixi fakt" kimi qəbul etməsi çətindir. Muzeydə sərgilənən materiallar, insanlara aid şəxsi əşyalar və faciənin vahiməli miqyası üzərində düşündükcə həmin qanlı hadisələrin milyonlarla insanın həyatını necə alt-üst etdiyini daha aydın dərk edirsən. Rəqəmlərin arxasında ayrı-ayrı həyatların, ailələrin, yarımçıq qalan arzuların və geri dönməyən talelərin dayandığını anlayırsan.
Tarix yalnız kitablarda qalan hadisələr toplusu deyil - onu yaşanmış həyatların hekayələri ilə anlamaq daha vacibdir.
.jpg)

Nahal Oz Kibbutz – xəbərlərdə gördüyümüz yerdə
Növbəti dayanacaqlardan biri İsrailin Qəzza ilə sərhədində yerləşən Nahal Oz Kibbutzu oldu.
Bu səfərədək müharibə xəbərlərini, bir çoxları kimi, mən də əsasən ekran arxasından izləyirdim. Lakin hadisələrin mərkəzinə gəldikdə, xəbər lentlərindəki kadrlarla real məkan arasındakı kəskin fərqi dərhal hiss edirsən. Ekranda bir neçə saniyəlik görünən kadrların arxasında insanların gündəlik həyatı, yaşadığı qorxu və itkilər dayanır.
Sərhədə yaxın ərazidə dayanmaq münaqişənin insanların gündəlik həyatına təsirini daha yaxından anlamağa imkan verir. Burada yaşayan yerli bir xanımla həmsöhbət olduq. O, 7 oktyabr 2023-cü ildə baş verən dəhşətli hadisələr zamanı yaşadıqlarından, həmin günün ailəsinin həyatında buraxdığı silinməz, ağrılı izlərdən danışdı.
Onun danışdıqlarını dinləyərkən anlayırsan ki, müharibə yalnız siyasi analitiklərin və hərbi ekspertlərin müzakirə etdiyi mənzərədən ibarət deyil. Münaqişənin ən ağır tərəfi onun insanların həyatına, ailələrinə, evlərinə və gələcəyə dair planlarına toxunmasıdır.
Jurnalist üçün bu cür canlı görüşlərin əvəzsiz dəyəri də məhz bundadır: insanları dinləmək münaqişənin görünməyən miqyasını daha insani prizmadan dərk etməyə imkan yaradır.

.jpg)
Livan sərhədi – xəritədəki xətdən daha çoxu
Livan sərhədinə etdiyimiz səfər də yaddaşımda xüsusi təəssüratlarla qaldı.
Xəritədə sərhəd sadəcə bir xətdir. Amma həmin ərazidə olanda bu xəttin arxasında insanların həyatının, ailələrinin və münasibətlərinin dayandığını düşünürsən.
Səfərin mənim üçün ən təsirli görüşlərindən biri İsrailin druz icmasının dini lideri və Ümumdünya Sülh Şurasının rəhbəri, şeyx Qasim Bədr ilə görüş oldu.
Söhbət zamanı onun ailəsi ilə bağlı dediyi bir cümlə xüsusilə yaddaşımda qaldı:
"Həyat yoldaşımın qohumları Livanda, biz isə İsraildə yaşayırıq. Ailələrimiz arasında 18 dəqiqəlik yol var, lakin biz onları artıq 26 ildir görə bilmirik..."
18 dəqiqəlik yol...
26 illik ayrılıq...
Bu iki rəqəm davam edən münaqişənin insan həyatında nə demək olduğunu ən uzun siyasi bəyanatlardan çox daha dürüst və sadə şəkildə ifadə edir.
Söhbət əsnasında Şeyx Qasim Bədrin oğullarının İsrail ordusunda xidmət etdiyini də öyrəndik. O, druzların yaşadıqları dövlətə sədaqət prinsipinə malik olduqlarını qeyd etdi.
Digər tərəfdən, həyat yoldaşının qohumları Livan tərəfində hərbi xidmət keçirlər. İki ölkə arasında yenidən müharibə başlasa, onlar bir-birlərini öldürə bilərlər...


Akko – Azərbaycandan İsrailə uzanan hekayələr
Səfər marşrutumuzun növbəti məntəqəsi Akko şəhəri idi.
Burada azərbaycanəsilli dağ yəhudilərinin nümayəndələri ilə görüşmək mənim üçün ayrıca maraqlı idi. Azərbaycanla bağlı xatirələri, ailə tarixləri və İsraildəki həyatları barədə danışmasıiki ölkə arasında insan bağlarının neçə dərin və sarsılmaz olduğunu aydın göstərirdi.
İsrail haqda danışarkən yalnız siyasət və münaqişədən danışmaq kifayət deyil. Burada müxtəlif xalqların, icmaların və ailələrin bir-birindən fərqli hekayələri var.
.jpg)
Təl-Əviv – gündəlik həyatın ritmi
Səfərimizin son günlərində Təl-Əvivdə olmaq isə tamamilə başqa təəssürat yaratdı.
Qüdsün tarixi və dini atmosferindən, sərhəd bölgələrinin gərginliyindən sonra Təl-Əvivin gündəlik həyatı fərqli görünürdü. Qaynar küçələr, dolu kafelər, dənizkənarı bulvarda gəzişən insanlar, şəhərin sürətli ritmi...
Cəmi bir neçə gün ərzində İsrailin tamamilə ziddiyyətli üzlərini görmək mümkün oldu. Bir tərəfdə minillik tarixə və dini yaddaşa söykənən Qüds, digər tərəfdə müharibənin soyuq nəfəsini hiss etdiyin sərhəd bölgələri, qarşı tərəfdə isə müasir, dinamik və həyat dolu Təl-Əviv.
Bütün bunlar səfəri yalnız ölkəni tanımaq deyil, eyni zamanda fərqli reallıqların bir-birinin yanında necə yaşadığını görmək baxımından da maraqlı etdi.
Eyni torpaqda tarix, müharibə, gündəlik həyatın maneəsiz axarı və gələcəyə bəslənən ümidlər paralel şəkildə yaşamaqda davam edir.
.jpg)
.jpg)