BAKI, 22 iyun. TELEQRAF
Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi olan 108 inventar nömrəli karvansaraya qanunsuz müdaxilə edilib.
Bu barədə Teleqraf-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib.
Araşdırma zamanı müəyyən edilib ki, abidənin üzərindəki tarixi yazılar və tamğaların səthi qum-sement məhlulu ilə örtülərək abidəyə ziyan vurulub. Müdaxilənin izləri aradan qaldırılıb, tarixi elementlərin üzərini örtən material təmizlənərək abidənin ilkin vəziyyətinin bərpası təmin edilib.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə əsasən mədəni və təbii irsin, o cümlədən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə hadisəni törətmiş şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər görülür.
Xatırladaq ki, qədim karvan yolları üzərində yerləşən Qaradağ rayonu ərazisində bir neçə karvansara mövcuddur. Onlardan biri də Səngəçal karvansarası kimi tanınan sözügedən tarixi tikilidir. XV əsrdə inşa edilən abidə tarixən karvan yollarından istifadə edən tacirlərin və səyyahların dayanacaq məkanı kimi fəaliyyət göstərib. Son dövrlərə qədər isə iaşə obyekti kimi istifadə olunub.