BAKI, 13 iyun. TELEQRAF
"Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusu qazanması Kipr türk xalqı üçün tarixi dönüş nöqtəsi olub".
Teleqraf xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) baş naziri Ünal Üstel Bakıda keçirilən Şimali Kipr Mədəniyyət Günü çərçivəsində təşkil edilən mətbuat konfrasında deyib.
"Bu tarixi prosesin formalaşmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli liderliyi, Azərbaycan Prezidenti İlham Əliyevin güclü dəstəyi və uzaqgörən yanaşması həlledici rol oynayıb.
Cənab Ərdoğan və cənab Əliyev yalnız iki dövlətin liderləri deyil, həm də Türk dünyasının birlik və həmrəylik idealına istiqamət verən mühüm dövlət xadimləridir.
Onların ortaya qoyduğu iradə sayəsində bu gün Türk dünyası hər zamankından daha güclü, daha həmrəy və daha ümidverici bir nöqtədədir. Biz inanırıq ki, Türk dünyasının gələcəyi birlikdədir.
İnanırıq ki, həmrəylik güc deməkdir, qardaşlıq ən böyük sərvətimizdir. Bu səfərimiz çərçivəsində müxtəlif rəsmi görüşlər keçirdik.
Turizmdən təhsilə, iqtisadiyyatdan mədəniyyətə qədər bir çox sahədə əlaqələrimizin daha da inkişaf etdirilməsi istiqamətində müzakirələr apardıq.
Qarşılıqlı təmasların artırılması, xalqlarımız arasındakı bağların daha da gücləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması ilə bağlı ortaq düşüncənin mövcud olduğunu görməkdən böyük məmnunluq duyuruq.
Lakin bugünkü tədbirin əsas mənası mədəniyyətdir. Çünki mədəniyyət xalqları bir-birinə bağlayan ən güclü körpüdür", - deyə Baş nazir əlavə edib.
Ü.Üstel vurğulayıb ki, Şimali Kipr Mədəniyyət Gününü son dərəcə önəmli hesab edilir:
"İnanıram ki, bu gün burada qurduğumuz mədəniyyət körpüləri sabah daha güclü iqtisadi əlaqələrin, turizm münasibətlərinin və daha möhkəm dostluqların təməlini təşkil edəcək.
Qarşıdakı dövrdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasındakı münasibətlərin daha da inkişaf edəcəyinə ürəkdən inanıram.
Daha çox mədəni mübadilə, turizm,
ticarət sahəsinə əməkdaşlığımız inkişaf edəcək. Bu gün Bakıdan bir daha güclü bir mesaj vermək istəyirik:
Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının ayrılmaz hissəsidir. Kipr türk xalqı Türk dünyasının ayrılmaz hissəsidir. Türk dünyasının gələcəyi ortaq həmrəylik, ortaq baxış və ortaq hədəflərlə formalaşacaq".