BAKI, 16 fevral. TELEQRAF
Tanınmış aktyor-rejissor Hikmət Rəhimov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Hikmət bəy, yaxın günlərdə quruluş verdiyiniz və baş rolunu canlandırdığınız "Səkkiz" serialının yayımı ARB televiziyasında və kinoteatrda dayandırıldı, daha sonra yayım bərpa olundu. Bu proses layihənin yaradıcı istiqamətinə necə təsir etdi, səbəb nə idi?
- Serialın yayımı həm ARB televiziyasında, həm də kinoteatrlarda artıq bərpa olunub. Məsələnin əsas səbəbi televiziyada bir səhnənin açıq ifadə ilə efirə getməsi idi. Qanunvericiliyə əsasən, yalnız saat 23:00-dan 06:00-dək müəyyən məzmun - o cümlədən içki, erotik və söyüş səhnələri yayımlana bilər.
- Bəs, növbəti seriyalarda iradları nəzərə aldınızmı?
- Xeyr. Bizim layihəni "Metaflix" platformasına və kinoteatrda senzurasız təqdim etməyimizin səbəbi də məhz budur. İstədik ki, tamaşaçı həm platformada, həm də kinoteatrda ekran işini müəllif baxışına uyğun, tam və dəyişdirilməmiş formada izləyə bilsin. Çünki kanalda bəzi sözlərə və səhnələrə senzura tətbiq edildikdə istər-istəməz əsərin təsir gücü zəifləyir.

- Sizi tənqid edənlər arasında belə bir mövqe səslənir ki, aktyor kimi peşəkarlığınız geniş şəkildə qəbul olunsa da, rejissor fəaliyyətiniz hələ də birmənalı qiymətləndirilmir. Bu fikirlərə münasibətiniz necədir?
- Bütün tənqidlərə normal və sağlam yanaşıram. Həm insan, həm də yaradıcı şəxs olaraq hamı üçün eyni dərəcədə məqbul olmaq mümkün deyil. Nə belə bir vəziyyət realdır, nə də mənim belə bir iddiam və ya istəyim var.
Təbii ki, kimlərsə gördüyüm işi bəyənə, kimlərsə bəyənməyə bilər. Bu, yaradıcı fəaliyyətin ayrılmaz hissəsidir, bunları anlayışla qarşılayıram.
- Məsələyə peşəkarların münasibəti necədir?
- Açığını desəm, kənar fikirlərə xüsusi önəm vermirəm, müzakirələrə geniş şəkildə qoşulmuram. Mənim üçün əsas olan konkret məqsəd və seçdiyim yaradıcı yoldur. Öz istiqamətim üzrə irəliləyirəm, işimi görürəm. Səhvlərimlə və uğurlarımla... Hər layihəni bir təcrübə və inkişaf mərhələsi kimi qəbul edirəm. Əsas hədəfim daha keyfiyyətli və daha güclü iş ortaya qoymaqdır. Mənim prioritetim budur.
- Rejissor kimi fəaliyyətə başlamaq qərarını yaradıcılığınızın hansı mərhələsində verdiniz? Bu hansı zərurətdən yarandı?
- 35 yaşımda qərar verdim... Həmişə aktyor kimi çalışmışam, Azərbaycanda bir çox peşəkar rejissorlarla əməkdaşlıq etmişəm, bu gün də əməkdaşlığımız davam edir. Eyni zamanda özüm rejissor kimi film çəkmək arzum da vardı. Bu arzumu "Çılpaq" filmi ilə reallaşdırdım.
Ssenarini İTV rəhbərliyinə təqdim etdim, onların dəstəyi sayəsində ilk filmimi çəkə bildim. Daha sonra "Apatiya", "Apatiya 2" filmlərini və "Səkkiz" serialını ərsəyə gətirdik.
- Çəkdiyiniz bütün filmlərin hər biri ictimai rezonans doğurub. Sizcə, bu reaksiyaların kökündə nə dayanır?
- Yaşadığımız cəmiyyətdə məni narahat edən mövzular var, ailə modeli, ailə və cəmiyyət münasibətləri, uşaq məsələləri və sevgisizlik. Bu mövzular məni Hikmət kimi düşündürür. İstəyirəm ki, bu məsələlər bədii kino vasitəsilə tamaşaçıya çatsın. Məqsədim bu cür problemlərin həll yollarını göstərməkdir. Bu qədər sadə...
- 2016-cı ildə Akademik Milli Dram Teatrından ayrıldınız. Sonrakı dövrdə teatrda struktur və rəhbərlik dəyişiklikləri baş verdi. Bu gün teatrın fəaliyyətini və yaradıcı mühitini necə qiymətləndirirsiniz? Yenidən Azdramaya qayıtmaq istərdinizmi?
- Doğrusu, teatrlar barədə fikir bildirmək istəmirəm. Bu il artıq onuncu ildir ki, teatr fəaliyyətindən uzaqlaşmışam. Bu səbəbdən teatr haqqında danışmaq mənim üçün düzgün olmaz, heç bir teatrda işləmədiyim üçün bu sahədə nə baş verdiyini bilmirəm. Mətbuat vasitəsilə ara-sıra məlumatlar əldə edirəm, amma onları da tam oxumuram. Baxmayaraq ki, kino və teatr bəzən eyni sahə kimi qiymətləndirilir, mənsə onları ayrı sahələr hesab edirəm.
Kino daha çox texniki sahədir, özünəməxsus çətinlikləri var. Teatr isə canlı ünsiyyət üzərində qurulub, onun da özünə görə xüsusi çətinlikləri və zövqləri mövcuddur. Hesab edirəm ki, hər bir aktyorun inkişafı və formada qalması üçün teatr səhnəsi vacibdir.
Əgər nə zamansa qaneedici və ürək açan teatr mühiti yaranarsa, orada fəaliyyət göstərə bilərəm. Hazırda isə belə bir imkan görmürəm...

- Teatrda baş verən prosesləri də izləmirsiniz?
- Xeyr, maraqlı deyil. Hazırda bir ssenari üzərində işləyirəm və beynimi başqa məlumatlarla yükləmək istəmirəm.
- Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında bədii rəhbər kimi fəaliyyətə başladı. Onun teatrdan ayrılmasına münasibətiniz necədir?
- Bu, teatr işidir... Mən həmin kollektivdə çalışmışam və oradakı həmkarlarıma böyük hörmətim var. Ümid edirəm ki, baş verənlər hər iki tərəf üçün sülhlə nəticələnəcək və sənətçilər öz işlərinə davam edə biləcəklər.
- Siz Akademik Milli Dram Teatrından mərhum Xalq artisti Azərpaşa Nemətovun rəhbərlik etdiyi dövrdə ayrılmısınız. Maraqlıdır ki, Azərpaşa Nemətovu bağışladınızmı?
- O adam barədə danışmaq istəmirəm. Daxilimdə heç bir narazılıq yoxdur. Həyat davam edir və ümumiyyətlə, geriyə baxıb orada nəsə axtarmaq kimi bir fikrim yoxdur. Yaşandı və bitdi. Son on il ərzində yaradıcılığımda daha maraqlı hadisələr baş verib. Bu gün geriyə baxanda şükür edirəm. İndi sərbəst sənətkar kimi fəaliyyət göstərirəm, bu mənə daha xoşdur.
- Teatrdan ayrılmağınıza görə nə vaxtsa peşmanlıq hissi yaşamısınızmı?
- Xeyr.
- Sərbəst fəaliyyət göstərməklə maddi məsələri təmin edə bilirsinizmi?
- Təxminən bəli... Təmin edə bilirik, şükür Allaha. Demirəm ki, vəziyyət mükəmməldir, ideal şəraitdir, amma Allah yolumuzu açır. Bu gün maddi baxımdan da vəziyyətimiz qənaətbəxşdir və hər şey yaxşıdır.
- Hazırkı film və serial sektorunu necə qiymətləndirirsiniz?
- Bu sahədə inkişaf müşahidə olunur. Məsələn, bu il xüsusilə İctimai Televiziya ön plana çıxdı. Burada bir nüans var ki, İTV dövlət tərəfindən maliyyələşir və onlar üçün bu işi görmək daha asandır. Amma bu ildən dövlət bütün kanallara maliyyə dəstəyi ayırdı. Bizim serialın prodüseri, həmçinin “Qırmızı Zona” serialının prodüseri İslam Ağadır ki, o bizə bu işi təklif etdi. “Səkkiz” serialı da ARB-də, “Qırmızı Zona” isə ATV-də yayımlandı. Bu göstərir ki, keyfiyyətli iş yalnız İTV-də deyil, başqa kanallarda da mümkündür.
Sağlam rəqabət vacibdir, çünki rəqabət inkişafı təşviq edir. Ümid edirik ki, gələn il də televiziya kanallarında çəkilən seriallara maliyyə dəstəyi davam edəcək. Gündəlik seriallara tələbat var, lakin orada keyfiyyət məsələsinə hələ tam üstünlük verə bilmirlər, çünki maliyyə imkanları məhduddur. Bu ildən etibarən tamaşaçılar artıq fərqli kanallarda da keyfiyyətli yaradıcılıq nümunələri görürlər.
Bəzi hallarda tamaşaçılar bizim çəkdiklərimizi Türkiyə, Rusiya və digər ölkələrin serialları ilə müqayisə edirlər. Amma biz açıqlama verə bilmirik. Bildirmək istəyirəm ki, bu sahə əsasən maliyyəyə bağlıdır. Maliyyə nə qədər yaxşı olsa, işi daha keyfiyyətli və komfortlu şəraitdə təqdim etmək mümkündür. Ümid edirik ki, bu təkan gələn il də davam edər və bir neçə ildən sonra kino və serial sahəsində sözün əsl mənasında keyfiyyətli işlərin sayı artar.
Bizdə yetəri qədər potensial var - rejissor, prodüser, operator, quruluşçu rəssam, aktyor və aktrisa heyəti. Dövlət dəstəyini davam etdirdiyi müddətdə vəziyyət daha yaxşıya doğru gedəcək.

- Filmlərinizin adlarını siz seçirsiniz, yoxsa yaradıcı heyəti qərar verir? Məsələn, “Apatiya” filminin adını seçərkən bu qərar necə verildi?
- "Apatiya” yunan dilində bir termindir, “vecsizlik” anlayışını ifadə edir. Filmdə isə bu anlayış, xüsusilə, valideynlərin uşağın təhsili, qidalanması və ümumi münasibətindəki vecsizlik hallarını əks etdirir. Kino üçün ad seçərkən bu mövzunu nəzərə aldım və düşündüm ki, “Apatiya” filmin mövzusuna ən yaxşı uyğun gələn addır.
- Cəmiyyətdə filmləriniz vasitəsilə toxunmaq istədiyiniz başqa mövzular hansılardır?
- Məncə, cəmiyyətimizdə problemlər çoxdur, bu səbəbdən toxunacaq mövzular da kifayət qədərdir. Bu baxımdan kinomuz hələ tam inkişaf etməyib. Düşünürəm ki, işlənilməmiş mövzular hələ var və zamanla onları nümayiş etdirə biləcəyik.
- Kino sahəsində hansı əsas çatışmazlıqlarI qeyd edərdiz?
- Maliyyə məsələsini vurğulamaq istəyirəm, bu baxımdan özəl sektorun inkişafı çox önəmlidir. Mən özəl sektoru təmsil edirəm, sərbəst qrafiklə fəaliyyət göstərirəm. Hesab edirəm ki, özəl sahə inkişaf etməlidir. Təbii ki, dövlət hər il büdcədən vəsait ayırır, filmlər çəkilir. Mən isə heç vaxt bu prosesdə iştirak etməmişəm, buna görə də bu sahə ilə bağlı fikir bildirməyim düzgün olmaz.
Mən filmlərimi özəl sektor vasitəsilə çəkdiyim üçün bu sahənin inkişafını daha çox arzulayıram.
Bunun üçün qanunvericilikdə bəzi dəyişikliklərin aparılması vacibdir, xüsusən vergi məsələsində. Biz tamamilə azad olmalıyıq, çünki bizim sahə elə də böyük gəlir gətirmir. Keçən il vergi ilə bağlı bəzi güzəştlər edildi və hesab edirəm ki, yenə də müəyyən güzəştlər tətbiq oluna bilər. Məsələn, özəl şirkətlər kinoya investisiya qoyduqda vergidən azad edilə bilər. Qonşu ölkələrdə belə təcrübələr var. Misal üçün, bir şirkət dövlətə 5 manat ödəyirsə, onun 3 manatını kinoya sərf edirsə, həmin məbləğ vergidən azad olunur. Bu, özəl sahibkarların və şirkətlərin yavaş-yavaş kinoya maliyyə yatırmasını təşviq edər.
- Bir az öncə qeyd etdiniz ki, yeni film çəkəcəksiniz. Bu haqda məlumat verə bilərsinizmi?
- Ssenari haqqında məlumat verə bilmərəm. Aktyor heyəti ilə bağlı da hər hansı bir fikir bildirməyəcəm, amma istəyirəm ki, layihənin rejissoru mən olum.
- Cəmiyyətimizdə sizi ən çox narahat edən mövzunu filmə gətirmisizmi?
- Ümumiyyətlə, yalnız bizim ölkədə deyil, bütün dünyada insanlarda ən çox çatışmayan şey sevgidir. Bütün pis vərdişlərin, müharibələrin və cəmiyyətdəki neqativ halların kökündə məhz sevgisizlik dayanır. Mənim çəkdiyim və toxunduğum mövzular da əsasən bunlardır, çünki düşünürəm ki, bir gün biz bu dünyadan gedəcəyik və bizdən sonra doğmalarımız bu həyatda yaşayacaqlar. Onlara yaxşı bir dünya, yaxşı örnəklər qoymaq lazımdır.
Bəlkə filmlərim daha ağır olur. Dostlarım tez-tez mənə sual verirlər ki, niyə yaxşı şeyləri göstərmirsən? Mən yaxşıları da görürəm. Amma bu o demək deyil ki, hər ailəni və ya hər mühiti belə təqdim etməliyəm. Xeyr. Mən yalnız mənfi tərəfləri göstərirəm ki, insanlar onları görüb öz davranışlarını, həyat tərzlərini düzəldə bilsinlər.
Hər şeyin yaxşı olduğunu göstərmək mümkündür, amma reklam və sosial çarxlarda. Kino və dramaturgiyanın qanunlarına görə problem və onun həlli olunmalıdır. Bir sözlə, müasir dünyada məni ən çox narahat edən sevgisizlikdir. Mən bu mövzulara toxunuram ki, ən azı beş-üç nəfər özünü və həyat tərzini dəyişsin.
- Filmlərinizdəki cəsarətli səhnələrə görə tənqidlərdən çəkinirsinizmi?
- Biz bəzən xaricdə baş verənlərə baxıb heyrətə gəlirik, ağzımızın suyu tökülür. Özümüzə gələndə isə bəzi axmaq kaprizlər göstəririk, elə bil, bunları görməmişik və eşitməmişik. Guya başqaları açıq-saçıq səhnələr görməyib, hörmətsiz danışıq eşitməyib. Biz özümüzü qınamağa meylliyik. Sanki gözləyirik ki, kimsə bir səhv etsin, yıxılsın və biz onu tənqid edək.
Düşünürəm ki, bu davranış zamanla dəyişəcək. Mən artıq həm tərifi, həm də tənqidi qəbul edirəm. Sağlam və ədalətli tənqid hər sahədə vacibdir, amma mən onun təsirinə çox bağlı qalmıram. Vaxtım yoxdur ki, başqalarının mənə qarşı fikirlərinə həddindən artıq enerji sərf edim.
Böyük İran alimi Əllamə Təbatəbai bir hekayədə deyirdi: “Uşaq ikən bizim məhəllədə köhnə bir qatar vardı. Biz onu təmizləyib, əzizləyirdik və onunla oynayırdıq. Bir gün onu təmir etdilər və getdiyi zaman uşaqlarla yerdən daş götürüb arxasınca atmağa başladıq. İnsan övladı da belədir".

- Maraqlıdır, öz filmlərinizi izləyirsinizmi?
- Əlbəttə, izləyirəm. Montaj prosesində bəzən bir materialı 150-200 dəfə izləmək lazım olur. Hər gün eyni materiala baxırsan və bunu fərqli baxış bucaqları ilə edirsən, bir gün tamaşaçı kimi, bir gün rejissor kimi, bəzənsə yad bir adam kimi. Hər halda məqsəd eynidir: nələrin çatışmadığını, hansı səhvlərin buraxıldığını müəyyən edib, gələcək işlərdə təkrar etməmək...
Praktiki təcrübə çox önəmlidir. İş prosesində isə səhvlər normaldır, əsas odur ki, bu səhvlərdən nəticə çıxarıb növbəti layihələrdə daha yaxşı nəticə göstərəsən. Hər bir filmdə müəyyən səhvlər olur. Mən heç vaxt iddia etməmişəm ki, gördüyüm iş tam mükəmməl olmalıdır.
Ümumiyyətlə, işlədiyim komandayla iclas zamanı birgə qərar veririk, deyirəm ki, biz bir yol gedirik və bu, yeni bir təcrübədir. Səhvlərimizlə, düzümüzlə bu yolu sona qədər davam etdirməliyik.
- Sırf tamaşaçı kimi rejissoru olduğunuz hansı filmi dəfələrlə izləyərsiniz?
- “Çılpaq” filmini izləyirəm. Belə bir deyim var: insan öz övladları arasında seçim edə bilməz. Amma bu filmim mənim üçün xüsusi bir dəyərə malikdir, çünki “Çılpaq” ilk tammetrajlı filmimdir. Onun mənim üçün həm qəribə, həm də doğma bir əhəmiyyəti var.
Ümumiyyətlə, bütün gördüyüm işlər mənim üçün əzizdir və dəyərlidir, çünki onları çox çətinliklə ərsəyə gətirmişəm. Heç vaxt kimsə mənə maliyyə dəstəyi ilə işimi asanlaşdırmayıb, hər bir layihəni çox çətinliklə ərsəyə gətirmişəm. Mənim üçün əziyyətlə görülən işin nəticəsini görmək xüsusi bir zövqdür.
Ümid edirəm ki, gələcəkdə həm mən, həm də digər həmkarlarım istədiyimiz məbləği və hekayəni reallaşdırmaq imkanına sahib olacağıq.
- İndiyə qədər çəkdiyiniz filmlərin büdcəsi təxminən nə qədər olub və ən çox maliyyəni hansı filmin çəkilişlərinə sərf etmisiniz?
- Rəqəm açıqlaya bilmərəm.
- Canlandırdığınız obrazların çoxu dərin psixoloji təhlilə əsaslanır. Bu tip rolları seçməkdə özünüzün təşəbbüsüdür, yoxsa rejissorların sizə təklif etdiyi rollardır?
- Mənə təklif olunan rollar rejissorların seçiminin nəticəsidir. Şəxsən mən hesab edirəm ki, komediya dünya səviyyəsində ən çətin janrlardandır. Ümid edirəm, gələcəkdə bu janrda da rol ala biləcəm. Teatrda belə təcrübəm olub, amma kinoda komediya janrında çəkilməmişəm.
- Doqquz il əvvəl çəkildiyiniz "İmtahan" serialındakı Murad müəllim obrazı ilə sizin aranızda hansı oxşarlıq və fərqliliklər görürsünüz?
- Mən o dönəmdə maliyyə səbəbindən serialda işləməyə razı idim. Bilirdim ki, ayın sonunda maaşımı alıram. Kamera ilə işləmək üçün çox yaxşı təcrübə idi. Təbii, orada çəkiləndə bütün heyət bilirdik ki, mükəmməl keyfiyyət əldə etmək mümkün deyil. Sadəcə, etik sayılmaz serialın bölümünə görə qonorarı açıqlamaq. Məbləğ az idi, amma o işdə işləmək məcburiyyətindəydik.
Serialın çəkilişi üç il davam etdi. Kollektiv çox gözəl idi və bu gün də həmin kollektivin votsap qrupu mövcuddur. Əlaqələrimiz davam edir, həm xeyrimizdə, həm də çətin anlarımızda bir-birimizlə maraqlanırıq. Amma keyfiyyət məsələsində, çəkiliş zamanı bilirdik ki, ideal nəticə əldə etmək mümkün deyil. O dövrün tələblərinə uyğun idi. Serial Xəzər TV-də yayımlanırdı və oranın məhsulu idi. O zaman televiziya rəhbəri Şamxal Həsənlidən dəvət almışdım.
Mənim heç bir qəhrəmanımla oxşar cəhətim yoxdur. Düşünürəm ki, real həyatda başqa bir adamam. Üstəlik, üç illik çəkiliş prosesində gündəlik serialın dramaturgiyası çox çətin idi.

- Düşünürsünüz ki, filmləriniz kino tarixində qalacaq?
- Əlbəttə, tarixdə qalacaq və bu, yaxşı haldır. Dünyanın alqoritmləri o qədər sürətlə dəyişir ki, bir on il sonra texnologiyanın və insan beyninin haraya gəldiyini təsəvvür etmək çətin olacaq. Necə ki yüz il əvvəl “süni intellekt” desəydilər, qəribə gələrdi. Amma bu gedişin hara aparacağını bilmirəm.
Bizdən sonra 50 il, 100 il keçəcək və heç birimiz bu dünyada olmayacağıq. Yəqin ki, filmlərimizi yeni yetişən nəsil izləyəcək və onlar üçün nostalji hissləri yaranacaq, necə ki biz yüz il əvvəl çəkilmiş filmlərə baxanda insanların həyatına maraqla tamaşa edirik.
- İki övladınız var. Onlardan sənətinizi davam etdirmələrini istərdinizmi və onların bu sahədə istedadı varmı?
- Valideynlərim heç vaxt sənət seçimimə müdaxilə etməyiblər. Təbii ki, bir valideyn olaraq mən də övladlarıma sərbəst seçim verməliyəm. Amma sevindirici hal odur ki, nə qızımın, nə də oğlumun bu sahəyə xüsusi marağı yoxdur. Yalnız bir dəfə onlardan kiçik bir xahişim olmuşdu. Elxan Cəfərov Eyyub Yaqubovun klipini çəkirdi və Elxan müəllim zəng edərək dedi ki, istəyirəm uşaqlarını çəkim. İkisi də maraqla baxdılar.
Onlarla danışdım və izah etdim, bu o demək deyil ki, siz bu peşədə olacaqsınız. Amma illər keçəcək və o dönəminizdə Eyyub Yaqubov kimi bir sənətkarın klipində iştirak etməyiniz, Elxan müəllim kimi bir rejissorla işləməyiniz yaddaşlarda qalacaq.
- Oğlunuz mərhum xalq artisti Fuad Poladovun adını daşıyırmı?
- Bəli.
- Fuad Poladovun ailəsiylə münasibətiniz necədir?
- Fuad Poladovun oğlu Ağarəhim Poladovla əlaqə saxlayıram. Bütün filmlərimin təqdimatına dəvət edirəm. Çox sağ olsun, vaxt tapıb gəlir...
FOTO: Elnur Muxtar