BAKI, 1 avqust. TELEQRAF

"Mədəniyyətimiz üçün çox ağır itkidir".

Bu sözləri Teleqraf-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov bu gün vəfat etmiş Arif Babayev haqqında danışarkən deyib.

O, ötən gün xəstəxanada Arif Babayevi ziyarət etdiyini bildirib: "Ondan halallıq aldım. Həkim bildirdi ki, səhhəti yaxşı deyil.

Arif Babayev muğam sahəsində çox işlər görüb, yüzlərlə sənətçi yetişdirib. Belə insanlar yüz ildən bir doğulur. Allah ona böyük səs, istedad, boy-buxun vermişdi. Hər zaman gənclərə dəstək olurdu. Bizim üçün çox ağırdır. Xalqımızın başı sağ olsun".

"Kədərli bir gündür. Nə qədər ki, Arif Babayev həyatda idi, özümüzü qol-qanadlı hiss edirdik", - bu sözləri isə Xalq artisti Yalçın Adıgözəlov deyib.

"Biz çox çətin müharibə illərindən çıxdıq, amma o mənbə qurumadı. Muğamın qaynadığı mənbə davam edir. Arif Babayev çox gözəl həyat yaşadı. Sənəti parlaq oldu. Ruhu şad olsun. Arif Babayevin sənəti yaşayacaq və hər zaman səsi qəlbimizdədir", - o, sözünə davam edib.

Xalq artisti Yalçın Adıgözəlov Arif Babayev məktəbinin bundan sonra da davam edəcəyini bildirib.