BAKI, 11 iyul. TELEQRAF
"Azərbaycan kinosuna dövlət dəstəyi genişlənir, istehsal xərclərinin 40%-dək hissəsi geri ödəniləcək".
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru Rəşad Əzizov "Filmlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi"nə dair mətbuat konfransında deyib.
O qeyd edib ki, 2023-2025-ci illər ərzində bu istiqamətdə görülmüş işlər, hüquqi sənədlər və tətbiq olunacaq mexanizmlər ictimaiyyətə təqdim olunub.
Baş direktor bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı və Nazirlər Kabinetinin müvafiq Qərarı ilə film istehsalına dövlət dəstəyi mexanizmi təsdiqlənib.
Yeni sistemə əsasən, Azərbaycan ərazisində istehsal edilən filmlər üzrə çəkilmiş xərclərin 40%-ə qədər hissəsi dövlət tərəfindən geri ödəniləcək.
Azərbaycanda çəkilən filmlərin xərclərinin 25%-i geri ödəniləcək.
Əlavə mədəniyyət meyarlarına uyğunluq əsasında 15%-ə qədər əlavə ödəniş edilib.
Qismən geriödəmə üçün müraciətlər yalnız elektron formada - filmcommission.gov.az portalı vasitəsilə qəbul olunur.
R. Əzizov, həmçinin onu da qeyd edib ki, bu təşəbbüs ölkədə film istehsalına investisiyaları artırmaq, beynəlxalq prodüserləri cəlb etmək və yerli kino sənayesinin inkişafını sürətləndirmək məqsədi daşıyır.