BAKI, 10 iyul. TELEQRAF.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “ƏSA” Teatrının yeni və unikal səhnə işi olan “Axtarış” tamaşasının xüsusi premyerası keçirilib.
Teleqraf-ın xəbərinə görə premyerada gecədə ölkənin tanınmış incəsənət nümayəndələri, dövlət və ictimaiyyət xadimləri iştirak edib.
“Axtarış” - Azərbaycan teatr məkanında ilk dəfə təqdim edilən hibrid tamaşadır. İki böyük ədəbiyyat və fəlsəfə nəhənginin – Fəridəddin Əttar və Alber Kamyunun əsərləri əsasında səhnələşdirilən tamaşada həm Şərq mistikası və mənəviyyatı, həm də Qərbin ekzistensializm fəlsəfəsi paralel şəkildə təqdim olunur.
Tamaşanın əsas sujeti “Quşların dili” (F. Əttar) və “Anlaşılmazlıq” (A. Kamyu) əsərlərinin fəlsəfi təməlində dayanan iki müxtəlif hekayə — quşların Simurq axtarışı və bir ailənin "günəşli yerlərə" canatma arzusunun gətirdiyi faciədən ibarətdir. Bu ziddiyyətli iki xətt tamaşa boyunca bir-birinə ilmə-ilmə toxunaraq, insan varlığının, seçimlərin və mənəviyyatın dərin qatlarına işıq tutur.
Tamaşanın müəllifi və quruluşçu rejissoru — Nihad Qulamzadədir. Rolları Xalq artisti Mehriban Zəki (Ana), Səmayə Ağayarova (Marta), Elşən Əsgərov (Qoca və Hüdhüd), Elsevər Rəhimov (Jan), Lalə Süleymanova (Mariya), Elvin Mirzəyev (Qartal), Fərid İsmayılov (Sərçə), Gülnar Əlfidatlı (Göyərçin), Səadət Abbasova (Homa), Sərxan Nəciyev (Şahin) və Bəhram Rəhimli (Günəş) ifa edib.
Tamaşanın məsləhətçiləri Şəhram Oromi, Hədiyyə Əhmədi, prodüseri Nicat Qulam, işıq rəssamı Binyamin Sailov, səhnə tərtibatçısı Tamerlan Abdullayev, geyim tərtibatçısı Nübar Hüseynova, multimedia meneceri Famil Mahmudbəylidir.