BAKI, 30 iyun. TELEQRAF

"Qarabağ xalçalarının Norveçin bir çox şəhərlərində tanıdılması planlaşdırılır. Artıq müxtəlif muzeylərdən bu istiqamətdə təkliflər daxil olub və yeni layihələr üzərində müzakirələrə başlanılıb. Sentyabr və oktyabr aylarından etibarən mədəni tədbirlərin davam etdirilməsi nəzərdə tutulur".

Bunu Teleqraf-a açıqlamasında Norveçdə yaşayan azərbaycanlı dizayner, CAN diaspor təşkilatının rəhbəri Şervin Nəcəfpur deyib.

Ş.Nəcəfpur yaxın günlərdə Norveçin Nerdrum Muzeyində keçirilən “İpək Yolundan Stavernə” adlı Azərbaycan Mədəniyyəti Günləri, “Earth and East” Festivalıda danışıb: "Festival dörd günü davam etdi və hər gün 700-dən artıq qonaq iştirak etdi. Tədbir Azərbaycan ilə Norveç arasında mədəni körpülərin qurulmasına xidmət edib. Festivalın dörd əsas təşkilatçısı - Nerdrum Muzeyi, Sjoparken, Thor Heyerdahl İnstitutu və Norveçdə fəaliyyət göstərən CAN -Təşkilatı olub. Bu mədəniyyət festivalı uğurla başa çatdı. Qarabağ xalçaları, milli geyimlər və şərablar böyük maraqla qarşılandı".

Diaspor təşkilatının rəhbəri əlavə edib ki, Azərbaycanın mədəniyyət beşiyi sayılan Qarabağ bölgəsinə həsr olunan təqdimatlar festivalın əsas hissəsini təşkil etdi.

Gün ərzində 700-1000-ə yaxın yerli və xarici qonağın festivalı ziyarət etdiyinə toxunan müsahibimiz qeyd edib:

"Əcnəbilər Azərbaycan eksponatlarına böyük maraq göstərdi. Festivalın sonuncu günü isə tamamilə Azərbaycan mədəniyyətinə həsr olundu. Qonaqlara Azərbaycan şərabları təqdim edildi, milli geyimlərin moda nümayişi keçirildi. Moda nümayişində Azərbaycan Milli Tarixi Muzeyinin əməkdaşı, etnoqraf Gülzadə Abdulovanın hazırladığı milli geyimlər nümayiş etdirildi. Geyimlər tamamilə tarixi əsaslarla hazırlanmış, Qarabağ, İrəvan xanlığı, Cənubi Azərbaycan bölgələri – Təbriz, Urmu, Ərdəbil kimi regionlara aid nümunələri əhatə edirdi. Geyimlər bölgələrə xas naxış, rəng və parça xüsusiyyətləri ilə seçilirdi. Bu da Norveç tamaşaçıları üçün xüsusilə maraqlı oldu, çünki Norveçdə də milli geyimlər bölgələrə görə fərqlənir.

Geyimlərin Türkiyədən dəvət edilən tanınmış azərbaycanlı jurnalist Nigar İbrahimova vasitəsi ilə ingilis dilində təqdimatı oldu və o, hər geyimin mənşəyini izah edirdi. Geyimlərin Qarabağa, İrəvan xanlığına və Cənubi Azərbaycana aid olması tamaşaçılara ətraflı şəkildə çatdırıldı".

Şervin Nəcəfpur əlavə edib ki, festival çərçivəsində tanınmış tədqiqatçı Elnarə Rəsulovanın kolleksiyasından Qarabağ xalçaları da nümayiş olunub. Xüsusilə “Ata vəsiyyəti – oğulun zəfəri” ziyarətçilərin böyük marağına səbəb olub. Digər Qarabağ xalçaları ilə yanaşı, məşhur “Çələbi" xalçasının təqdimatı xüsusi əhəmiyyət kəsb etdi. Bu xalçanı ermənilərin mənimsəməyə çalışdığı bir vaxtda, onun məhz Azərbaycan mədəniyyətinə məxsus olduğunu dünyaya göstərmək, tədbirin ən böyük uğurlarından biri kimi qiymətləndirilir.

"Festival müddətində ziyarətçilər “Çələbi" xalçası önündə çoxsaylı şəkillər çəkdirərək bu unikal sənət nümunəsinə maraqlarını ifadə etdilər. Xüsusilə, Marie Sahbanın ifa etdiyi "Azeri Baby" mahnısı maraqla qarşılandı. Tədbir təşkilatçıları Azərbaycandan daha çox qonağın gəlməsini arzuladıqlarını və gələcəkdə bu istiqamətdə dəstəyi artıracaqlarını bildirdilər", - deyə o söyləyib.