BAKI, 14 may. TELEQRAF

Türkiyənin Ədalət və İnkişaf Partiyasından millət vəkili, aktyor və yazıçı Bahadır Yenişehiroğlu "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Bahadır bəy, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü olaraq iki ölkə arasında hazırkı münasibətləri necə qiymətləndirirsiniz? Bu çərçivədə hansı işlər görülür?

- Türkiyə ilə Azərbaycan arasında qurulan qardaşlıq körpüsü siyasi seçim deyil, tarixi bir zərurətdir. Bu zərurət ortaq ağrılarımızdan, sevinclərimizdən və əsrlər boyu davam edən tale birliyimizdən qaynaqlanır. Parlamentlərarası Dostluq Qrupu bu iradəni həm təmsil edən, həm də möhkəmləndirən bir platformadır.

Parlament səviyyəsində fəaliyyətimizi yalnız protokol vəzifələri ilə məhdudlaşdırmırıq, mübadilə proqramlarından mədəni layihələrə, ortaq hüquqi təcrübə paylaşımından sosial məsuliyyət işlərinə qədər geniş bir sahədə fəaliyyət göstəririk. Hər görüşümüzdə məqsədimiz yalnız siyasət deyil, eyni zamanda könüldən könülə bir körpü qurmaqdır. Çünki biz iki ayrı dövlətdə yaşayan, lakin eyni könül millətinə mənsub insanlarıq.

- “Bir millət, iki dövlət” ifadəsi iki ölkə arasında tez-tez vurğulanır. Sizcə bu anlayış praktikada necə öz əksini tapır, xüsusilə mədəni və bədii əməkdaşlıq baxımından?

- “Bir millət, iki dövlət” sözü sadəcə bir ifadə deyil, tarixdən bu günə gələn həqiqətin ifadəsidir. Bu həqiqət özünü ən çox incəsənət və mədəniyyət sahəsində göstərir. Çünki bir millətin ruhu – onun şeirində, mahnısında, filmində və səhnəsində yaşayar.

Son illərdə iki ölkə arasında təşkil olunan ortaq sərgilər, teatr festivalları, ədəbi görüşlər bu qardaşlığın bədii təcəssümüdür. Amma daha çoxunu etmək məcburiyyətindəyik. Ortaq tariximizə dair film layihələri, ortaq qəhrəmanlarımızı mövzu alan seriallar və iki xalqın hekayələrini birləşdirən romanlar bu coğrafiyanın ruhunu yaşatmaq üçün qaçılmazdır. Biz yalnız bir-birimizin torpağına deyil, həm də bir-birimizin xəyallarına ortaq olmalıyıq.

- Azərbaycana səfərləriniz zamanı sizi ən çox təsirləndirən müşahidələriniz nələr olub? İnsanlar sizi necə qarşıladılar?

- Azərbaycana hər gedişimdə özümü Anadolunun bir şəhərinə gəlmiş kimi hiss edirəm. Nə yadlıq, nə məsafə… Əksinə, isti bir təbəssüm, səmimi bir salam və ürəkdən gələn “Xoş gəlmisiniz!” qarşılayır bizi.

Qarabağın azad edilmiş torpaqlarında gəzərkən gördüyüm müqavimət ruhu, Şuşada səslənən nəğmələr və Bakının küçələrində addımlayan gənclərin gözlərindəki ümid məni dərin-dərin təsirləndirdi. Biz ayrı coğrafiyalarda olsaq da, eyni duanın, eyni sevdanın övladlarıyıq. Bu xalqın səmimiyyəti, ehtiramı, sədaqəti heç zaman unudulmaz. Ona görə Azərbaycan mənim üçün sadəcə bir ölkə deyil, qəlbimin şərqidir.

- Sizcə, Türkiyə və Azərbaycan arasında incəsənət və ədəbiyyat sahəsində əməkdaşlığı gücləndirmək üçün nələr edilə bilər? Ortaq film layihələri və ya ədəbi işlər gündəminizdə varmı?

- İncəsənət millətlərin bir-birinə açdığı ən geniş qapıdır. Biz bu qapını sonuna qədər açmaq istəyirik. Azərbaycanlı yazıçı dostlarımızla görüşəndə eyni duyğunu paylaşırıq. İki millətin hekayəsi ortaqdır. Bu ortaq duyğunun kinoya, səhnəyə və kitablara çevrilməsi artıq bir arzudan çox zərurətdir.

Ortaq istehsallar, ədəbi jurnallarda qarşılıqlı yazılar, hər iki ölkədə eyni vaxtda yayımlanan kitablar, gənc ədəbiyyatçılar üçün təqaüd proqramları… Bunların hamısı gündəmimizdədir. Mənim xəyalımda həm Türkiyədə, həm də Azərbaycanda çəkiləcək bir film var. Bu filmdə yalnız aktyorlar deyil, operatorundan ssenaristinə qədər hər kəs iki ölkənin övladları olsun istəyirəm.

- Aktyorluq karyeranıza 2014-cü ildə TRT-də yayımlanan “Yeddi Gözəl Adam” serialında Sahaf İsmayıl Əfəndi obrazı ilə başladınız. Bu ilk təcrübəniz sizə nə qazandırdı?

- “Yeddi Gözəl Adam” sadəcə bir serial deyildi. Bir duruş, bir xatırlatma, bir əxlaq çağırışı idi. Sahaf İsmayıl Əfəndi isə səssiz müdriklik, dərin təfəkkür və ədəb simvolu idi. O obrazı mən yalnız bir rol deyil, bir miras kimi qəbul etdim. Bu ilk addım mənə aktyorluğun nə demək olduğunu öyrətdi. İnsana toxunmaq, onun ruhunu dinləmək və onu hekayəyə çevirmək… "Bu serialla mən yalnız aktyorluğa deyil, millətimin yaddaşına da addım atdım", deyə bilərəm.

- “Payitaxt Əbdülhəmid” serialında canlandırdığınız Tahsin Paşa obrazı ilə geniş tamaşaçı kütləsini qazandınız...

- Tahsin Paşa sadəcə saray vəzifəlisi deyil, sədaqətin, vəfanın və dövlət əxlaqının təcəssümüdür. “Payitaxt Əbdülhəmid” serialı ilə yalnız bir obrazı canlandırmadım, bir dəyərin daşıyıcısı oldum. Hər sözün, hər baxışın, hər duruşun məsuliyyətini hiss etdim. Millətimizin vəfaya verdiyi dəyər Tahsin obrazına göstərilən sevgidə öz əksini tapdı.

Bu rol yalnız karyeramda deyil, həyata baxışımda da dərin dəyişiklik yaratdı. Dövlət-millət birliyinin, irfanın və ədəbin təmsilçisi olan bu obraz sayəsində tamaşaçının həm qəlbində, həm də şüurunda iz buraxa bildimsə, nə xoş mənə.

- “Barbaroslar: Aralıq dənizinin qılıncı” serialında isə Dərviş obrazını canlandırdınız. Bu obrazın sizin üçün əhəmiyyəti nə idi?

- Dərviş obrazı, məncə, daxili bir səfərin simvoludur. Xarici dünyanın hay-küyündən uzaqlaşıb qəlbinin səsini dinləyən, hikmətlə baxan bir insan… Oynayarkən mətnin o üzünə keçdim; bir sükutun, bir səbirin, bir təslimiyyətin dilini axtardım. Bu obraz mənə göstərdi ki, bəzən insan ən çox susanda danışar.

Dərvişi oynayarkən özümü də yenidən kəşf etdim. Çünki hər obraz insana bir güzgü tutur. Dərvişin güzgüsündə öz içimdəki çatları, çabaları, sükutları və duaları gördüm. Ona görə bu rol mənim üçün sadəcə bir obraz deyil, bir haldır, bir təfəkkürdür.



- Aktyorluq və yazıçılıq karyeranız arasında necə bir balans qurursunuz? Bu iki sahə bir-birinə necə təsir göstərir?

- Yazmaq – içimdəki səslə danışmaq; oynamaq isə – çöldəki səslə xalqın qəlbinə toxunmaqdır. Bu iki yol bir-birini bəsləyən, tamamlayan yollardır. Qələmim səhnədə məni dərinləşdirir, səhnə isə qələmimi. Yazıçılıq mənə düşünməyi, özümə baxmağı, insanın qaranlıq tərəflərini anlamağı öyrətdi. Aktyorluq isə o anladıqlarımı cismə çevirib xalqla paylaşma imkanı verdi.

Bu iki sahə arasında qurduğum balans – insanın özü ilə və cəmiyyətlə qurduğu əlaqənin təcəssümüdür. Bəzən yazaraq bir həyat qurarsan, bəzən oynayaraq o həyatı yaşarsan. Mən bu ikisini bir bütün olaraq görürəm və hər ikisini də könüldən könülə bir körpü qurma cəhdi kimi dəyərləndirirəm.

- İlk romanınız “Ağ usta, qara şagird” 2014-cü ildə yayımlandı. Bu roman üzərində iş prosesiniz necə keçdi, sizə hansı geridönüşlər oldu?

- “Ağ usta, qara şagird” bir səfər romanı idi. Görünüşdə peşə baxımından axtarış, amma əslində insanın daxili aləminə dair bir kəşf idi. Hər insanın içində həm bir usta, həm də bir şagird var, bilən və öyrənən, səbr edən və sınanan… Bu romanla oxucudan çox güclü geridönüşlər aldım. Bu kitabla insanın öz-özü ilə üzləşə biləcəyini gördüm. İnsanın mübarizə ilə necə gücləndiyini göstərməyə çalışdım. İnsanın yıxıldığı yerdən bir ovuc torpaqla qalxması gərəkliliyini ifadə etdim. İnsana güzgü tutmaq, acıları paylaşmaq, yaraları sağaltmaq üçün çaba göstərdim. Ən önəmlisi isə bu idi, oxucular o kitabdan sonra özlərinə daha çox sual verməyə başladılar. Bir kitab bunu bacarırsa, bu yazıçı üçün ən böyük mükafatdır.

- Azərbaycan kinosu haqqında fikirləriniz nələrdir? Bu sahədə ortaq layihələr və ya aktyor mübadiləsi kimi imkanlar dəyərləndirilə bilərmi?

- Azərbaycan kinosu estetiklə tarixi, səmimiyyətlə vüqarı birləşdirən bir mirasa sahibdir. Xüsusilə, son illərdə ərsəyə gətirilən layihələr həm texniki, həm də ifadə baxımından böyük irəliləyiş göstərdi.

Bizə düşən vəzifə bu potensialı qarşılıqlı əməkdaşlıqlarla daha da gücləndirməkdir. Aktyor mübadilələri, ortaq istehsal müqavilələri, hər iki ölkədə çəkiləcək seriallar və filmlər… Bunların hamısı mümkündür, hətta vacibdir. Ortaq qəhrəmanlarımız, ağrılarımız, zəfərlərimiz var. Elə isə niyə ortaq ekranımız olmasın? İnanıram ki, yaxın gələcəkdə iki millətin hekayəsini danışan güclü layihələr meydana çıxacaq.

- Gələcəkdə Azərbaycanla bağlı bir hekayəni mövzu alan roman və ya serial layihəsi düşünürsünüzmü?

- Əlbəttə. Hətta bu sadəcə bir fikir deyil, qəlbimdə böyüyən bir niyyətdir. Azərbaycanın hər qarış torpağı bir romanın səhifəsi kimidir. Qarabağ, Gəncə, Şuşa… Hamısı dastanlıq hekayələri ilə doludur. Bu torpaqların yalnız tarixini deyil, duyğusunu da anlatmaq lazımdır.

Gələcəkdə Azərbaycanda keçən bir hekayəni yazmaq, orada çəkilən bir serialda qələmimlə və ya obrazımla yer almaq mənim üçün böyük bir şərəf olar. Çünki o torpaqlar yalnız qardaş ölkənin deyil, həm də ruh kökümüzün bir parçasıdır.

- Son romanınız “Divarları yıxmaq” 2024-cü ildə nəşr olundu. Bu əsərdə vermək istədiyiniz əsas mesaj nədir?

- "Divarları yıxmaq” insanın özü ilə üzləşməsidir. Bizə biçilən rolların, öyrədilmiş qorxuların, susqunluqlarımızın və basdırılmış hayqırtılarımızın arasından yol açma cəhdidir. Bu kitabla insanlara demək istədim, əsl divar çöldə deyil, içəridədir və insan əvvəl öz içindəki divarları yıxmayınca, xarici dünyanın izdihamında itər.

Bu əsərdə həm özümə, həm də oxucuya bu sualı verdim, biz nə zaman bir-birimizə qarşı yox, bir-birimiz üçün yaşamağa başlayacağıq? Cavabı yalnız bir fikirdə deyil, bir hissdə axtardım, mərhəmətdə. Çünki insanı insana yaxınlaşdıran tək şey qəlbin zərifliyidir. Divarları yıxaraq körpülər qurmağa çağırıram, özümüzlə, qardaşımızla, inancımızla, tariximizlə… Bu çağırış sadəcə bir ədəbi səfər deyil, bir həyat təklifidir.