BAKI, 8 dekabr. TELEQRAF

Türkiyənin məşhur teleaparıcısı Buket Aydın Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Buket xanım, uzun illərdir Türkiyə mediasında peşəkar xəbər aparıcısı kimi tanınırsınız. Karyeranızda sizi ən çox qürurlandıran məqam nə olub?

- Məni ən çox qürurlandıran insanların sevgisi və diqqətidir. İllər ərzində çox fərqli sahələrdə çalışmışam, əsas xəbər buraxılışlarını təqdim etmişəm, veriliş aparmışam, qəzet üçün müsahibələr hazırlamışam. Yəni media və jurnalistika sahəsində bir çox arenada işləmişəm və hər zaman əziz tamaşaçılarımızın dəstəyini görmüşəm.

Analar məni öz qızları kimi sevib, ailələrinin bir parçası kimi qəbul ediblər. İndi də küçədə gəzərkən “Sizi çox sevirik!”, “Buket xanım, sizi izləyirik”, “NTV-də sizi hər gecə izləyirdik”, “Kanal D-də ana xəbər bülleteninizi qaçırmazdıq", indi də "YouTube" yayımlarınızı və TV100-dəki proqramlarınızı izləyirik” deyən gənclər, ailələr var. Bu sevgi, səmimiyyət, gözəl sözlər məni qürurlandırır.

- Türkiyə televiziyasında illər içində ciddi dəyişiklər baş verib. Sizin fikrinizcə, bu gün peşəkar jurnalisti “cəlbedici ekran siması”ndan fərqləndirən əsas xüsusiyyət nədir?

- Parlaq bir ekran siması ola bilərsiniz, xoş xarizmanız, ekrana yaraşan görünüşünüz, gözəl diksiya və intonasiyanız ola bilər. Amma bunlar peşəkar jurnalist üçün kifayət deyil. Jurnalist xəbərin içində olmalı, xəbəri yaşamalı, hadisə yerinə getməlidir. Hər zaman bütün hadisələri izləməlidir.

Təəssüf ki, bu gün xəbərlərdən xəbərsiz olub özünü “spiker” adlandıranlar da var. Amma tamaşaçı bunu ayırd etməyi bacarır. Keçmişdə bu kimi hallar çox idi, indi azaldığını düşünürəm. Dediyim kimi, jurnalist olmaq ayrı, ekran üzü olmaq ayrıdır. Peşəkar jurnalist xəbəri sevən, ona bağlı olan, xəbər hardadırsa ora qaçan, yorulmayan insandır. Bu işin gecəsi, gündüzü, həftəsonu, istirahəti olmur. Lazım gəlsə, bayram və istirahət günlərində daha çox işləyirsiniz.

Mənim bir ay boyunca fasiləsiz işlədiyim dövrlər olub. İndi bir az daha yüngül tempdəyəm, amma bu peşəyə illərimi vermişəm. 21 ildir bu sahədə fəaliyyət göstərirəm. Ona görə düşünürəm ki, gənclər də xəbərə yanaşmaları, xəbərə olan sevgiləri və peşəyə bağlılıqları ilə önə çıxa bilərlər.

- Ekran önündə güclü və qətiyyətli bir Buket Aydın nəzərə çarpır. Bəs kamera arxasında necə bir Buket Aydın dayanır?

- Kamera arxasında da eyni güclü və qətiyyətli Buket Aydın var. Dostlarım mənim sərt xarakterli olduğumu deyirlər, bir az inadkar olduğumu da… Oğlaq bürcüyəm, bürcümün xüsusiyyəti olaraq hər şeyin əvvəlcə mənfi tərəfini görürəm, bir az bədbin və pessimistəm. Amma məncə, işdəki uğuruma səbəb elə bu düşüncədə olmağımdır.

Hər zaman hər şeyə pessimist yanaşıram, gözəl tərəfləri deyil, əvvəlcə çatışmazlıqları görürəm. Günün sonunda isə bu, məni mütləq inkişafa aparır. Xaraktercə bəlkə bir az sərtəm, amma dostluğum, yoldaşlığım möhkəmdir. Heç vaxt dostumu yarı yolda qoymaram. Çox etibarlıyam.

Çox dürüstəm və bəzən bu dürüstlük adamları narahat edir, amma 40 yaşıma qədər dəyişməmişəm, bundan sonra da dəyişməyi düşünmürəm.

- Sizcə rəqəmsal medianın sürətlə yüksəlməsi televiziya jurnalistikasının mövqeyinə necə təsir edib? Ümumiyyətlə, jurnalistikanın gələcəyini hansı platformada görürsünüz?

- Jurnalistikanın gələcəyi artıq rəqəmsaldadır. Təəssüf ki, ənənəvi media əvvəlki qədər seçilmir və izlənilmir. İnsanlar izlədiklərini istədikləri yerdən izləmək, ona istədikləri vaxt baxmaq istəyirlər. Artıq yavaş şeyləri sevmirik, vaxt heç nəyə çatmır, hər şeyin daha sürətli olmasını arzulayırıq. Sürət olan yerdə isə ənənəvi media yavaş-yavaş yox olmağa başlayır.

Mən həm ənənəvi mediadakı yerimi qoruyuram, TV100-də hər çərşənbə axşamı proqram aparıram, həm də öz "YouTube" kanalım var. Keçən ay kanalımda izləyici sayı 25 milyona çatdı və jurnalistlər arasında ən çox izlənən "YouTube" kanalı oldu. Bu, mənim üçün çox önəmli və böyük uğurdur.

"YouTube" sonsuz bir platformadır, daim yeni məzmun istəyir. Davamlı olaraq nələrsə yaratmalısınız, özünüzü daim inkişaf etdirməlisiniz. Amma mən "YouTube"nin bu tempini sevirəm. O səbəbdən kanalımı inkişaf etdirməyə davam edəcəm. Gələcəyin rəqəmsalda olduğunu düşünürəm. Ənənəvi medianın artıq yavaş-yavaş bitməyə üz tutduğu və on il içində rəqəmsal medianın həyatımıza daha dərindən daxil olacağı fikrindəyəm.

- “Bir millət, iki dövlət” anlayışı, sizcə, yalnız siyasi münasibətlərdə deyil, media və mədəniyyət sahəsində də öz əksini tapırmı?

- Bəli, “Bir millət, iki dövlət” anlayışı media və mədəniyyət sahəsində də öz əksini tapdığını düşünürəm. Azərbaycan bizim qardaşımızdır, dostumuzdur, canımızdır. Hər mənada bunun qarşılığını görürük. Biz Türkiyə olaraq sizi çox sevirik və sizi qardaşımız kimi görürük. Sizin də bizə eyni sevgi ilə yanaşdığınızı bilirəm.

Mediada bunun pozulduğuna dair heç bir hal görməmişəm, görəcəyimi də düşünmürəm. Mədəniyyət sferasında iki ölkənin bir-birini qardaş bilən iki dövlətdir.

- Azərbaycanda sizə göstərilən sevgi və maraq hissini necə qarşılayırsınız?

- Azərbaycandakı maraq mənə özümü çox yaxşı hiss etdirir. Bilirsiniz ki, uzun müddət "Haber Global" televiziyasında da çalışmışam və kanalın Azərbaycanda çox izlənildiyini bilirəm. Onu da əlavə edim ki, ən qısa zamanda Bakını ziyarət etmək istəyirəm.

Hələ ki Bakıya gəlmək qismət olmayıb, amma ümid edirəm, yaxın zamanda qismət olar və sevənlərimlə də görüşərəm. Sizin vasitənizlə Azərbaycana ən səmimi salam və sevgilərimi göndərirəm.

- Sizcə, Türkiyə və Azərbaycan mediası arasındakı əməkdaşlıqların genişlənməsi iki ölkə xalqlarını daha da yaxınlaşdırmağa necə təsir göstərə bilər?

- Əlbəttə, əməkdaşlıqlar mütləq gücləndirilməlidir. Sizin tanınmış jurnalistlərinizin, media nümayəndələrinizin Türkiyəyə gəlməsinin lazım olduğunu düşünürəm. Türkiyənin tanınmış jurnalistlərinin də Azərbaycana tez-tez səfər etməsi faydalı olar. Bu cür media heyətlərinin qurulması, jurnalistlərarası əməkdaşlıq platformalarının artırılması çox faydalı olar. Həm mədəni dialoqa, həm də jurnalistlər arasındakı münasibətlərin inkişafına kömək edər.

- Azərbaycanda televiziya sahəsində çalışan həmkarlarınıza nə demək istərdiniz?

- Heç vaxt özünüzü əzdirməyin. Təəssüf ki, dünyamız hələ də kişi dominantlığı ilə xarakterizə olunur, amma qadınlar həm bacarıqları, həm də önə çıxan nümunələri ilə bunu daim sübut edirlər, xüsusən də Azərbaycanda.

Arzulayıram ki, bu uğurlu irəliləyiş davam etsin. Çalışın, inkişaf edin, fəaliyyətinizlə bu sahəyə dəyər qatın. Özünüzə inanın. Biz qadınlar brilyantıq, dəyərimizi əvvəlcə özümüz bilməliyik, sonra isə başqalarının da tanımasını təmin etməliyik. Çalışqanlıq və səylə hər biriniz mütləq uğura çatacaqsınız.

Məni izləyən və sevən hər kəsə dərin hörmət və sevgilərimi çatdırıram. Böyüklərimin əllərindən, kiçiklərimin gözlərindən öpür, hamınızı Allaha əmanət edirəm. Bakıda görüşmək arzusuyla...