
BAKI, 23 mart. TELEQRAF
"Teatrda vəziyyət düzəlməsə Mehriban Ələkbərzadənin fəaliyyəti ilə bağlı bəzi faktları açıqlayacam".
Bu sözləri Teleqraf-a əməkdar artist Mehriban Xanlarova Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor Mehriban Ələkbərzadənin fəaliyyətindən narazılıq edərkən deyib.
"Mehriban Ələkbərzadənin fəaliyyəti haqqında hansı faktları açıqlayacaqsınız" sualına cavabda əməkdar artist deyib:
"Hələlik onu deyə bilmərəm. Gözləyirəm, görək nə olur. Mən təklif eləmişəm ki, teatrda açıq iclas keçirilsin. Mehriban Ələkbərzadənin mənə nə sözü-sualı var, versin, cavabını faktla, sübutla alsın. Nə mən, nə Münəvvər Əliyeva, nə də Əli Nur heç bir fikri fakt olmadan danışmırıq. Lazım gələrsə, çox faktları açıqlayacağıq. O qədər şeylər var, hələlik susmaq mövqeyindəyik.
Teatrda bütün həmkarlarıma haqsızlıq olunur. Mən teatrda baş verənlərlə bağlı həmkarlarıma görə danışdım. Mən tamaşada rol almaqdan ötrü Mehriban Ələkbərzadəyə müraciət etməmişəm. Hazırda teatrda "Manqurt", "Şükriyyə" və "Ah, bu uzun sevda yolu" tamaşalarında oynayıram. Demək istəyirəm ki, mən həmkarlarımın müdafiəsi üçün danışmışam".
Mehriban Xanlarova teatrda özünü qoca hesab etmədiyini deyib: "Mehriban Ələkbərzadə bildirdi ki, yaşlı nəsillə gənc nəsil arasında konflikt yaranıb. Mənim 57 yaşım var, qocalmamışam. Ələkbərzadə özü məndən yaşca böyükdür. Estafet sənindir, Mehriban Ələkbərzadə, sən get, yerinə gənclər gəlsin. Bizə bədii rəhbər lazım deyil. Biz özümüz də tamaşaya quruluş verə bilərik.
Əgər Mehriban Ələkbərzadə teatrda baş verənləri yaşlı nəsillə gənclər arasında konflikt hesab edirsə, nəzərə alsın ki, teatra dəvət etdiyi aktrisanın artıq 40 yaşı var. Gənc olsaydı, Mehriban Ələkbərzadənin fikirlərinə haqq qazandırardım. 40 yaşında teatra adam gətirib, bizimlə yaşlı-gənc söhbəti edir.
18 yaşımdan sənətdə külüng vurmuşam. Mənim "dayday"ım olmayıb. Nə mən, nə Münəvvər Əliyeva "dayday"la sənətə gəlməmişik".
Mehriban Xanlarovanın sözlərinə görə, Mehriban Ələkbərzadə haqqında açıqlamasından sonra ona heç bir təzyiq göstərilməyib: "Teatrda mənə qarşı heç bir təzyiq yoxdur. Hər zaman sənətimizi göstərmişik. Dünənin aktrisası deyilik. Mən 18 yaşımdan filmlərdə baş rolları oynamışam. Mehriban Ələkbərzadə, teatra tamaşaçın gəlirsə, biz aktrisa və aktyorlara dua et. Biz olmasaq sən nə edərsən?!"
Qeyd edək ki, əməkdar artistlər Mehriban Xanlarova və Münəvvər Əliyeva Akademik Milli Dram Teatrının rəhbəri Mehriban Ələkbərzadənin fəaliyyətindən və onun aktyor heyətinə haqsızlıq etməsindən şikayətçidirlər.