BAKI, 6 yanvar. TELEQRAF

Çingiz Xan dövründə Monqol İmperiyasının yüksəlişi dünya tarixində mühüm mərhələ idi. XIII əsrdə həyata keçirilən fəthlər, monqol liderinin yaratdığı qorxu müasir dünyanın formalaşmasına aparan hadisələr zəncirini hərəkətə gətirdi. Çingiz Xan Monqolustan və onun hüdudlarından kənardan gələn ideyalardan istifadə edən yenilikçi hökmdar olduğunu sübut etdi.

XIII əsrin əvvəllərində Monqol İmperiyasının yaranması müxtəlif amillərin vəhdəti idi, bunların hamısı Temuçin - Çingiz Xan tərəfindən məharətlə istifadə və istismar olunmuşdu. Monqol İmperiyası monqol mədəniyyəti və hərbi ənənələrindən qaynaqlanan əvvəlki təcrübələr üzərində qurulmuş bir neçə əsas yeniliyi özündə birləşdirirdi.

Monqol oxçuları tez-tez düşmən ordularına qarşı köçəri həyat tərzinə uyğun taktikalardan istifadə edirdilər. Məsələn, əsgərlər atlarının dörd dırnağının da eyni anda yerdən kəsildiyi anı dəqiq müəyyən edib həmin anda ox atmağı bilirdilər.

Monqollar atlı oxçu taktikasının “süni geriçəkilmə” üsulunu da mükəmməlləşdirmişdilər. Bu taktika zamanı düşmənə geri çəkildikləri təəssüratını yaradırdılar. At belində geri çəkilir, düşmən ordusunu təqibə məcbur edir, onları taqətdən saldıqdan sonra isə məhv edirdilər.

Monqollar həm də tam mühasirə taktikasından istifadə edir, amma xətlərində qəsdən boşluq saxlayırdılar ki, bu da psixoloji hiylə rolunu oynayırdı. Ov zamanı olduğu kimi, düşmən əsgərləri mühasirəyə alındıqlarını düşünür və qaçmağa cəhd edirdilər, bu da nizam-intizam və döyüş ruhunun dağılmasına səbəb olurdu.

Çingiz Xan Çingiz Xan olmamışdan əvvəl Temuçin idi - XII əsrdə monqol tayfalarının qeyri-sabit mühitində böyümüş bir insan. Gələcək lider atası gənc yaşlarında düşmənlər tərəfindən öldürüldükdən sonra dul anası, atasının digər arvadı və bacı-qardaşları ilə birlikdə sürgünə məcbur edilmişdi. Rəvayətə görə, ovladığı heyvanı ailəsi ilə bölüşməkdən imtina edən ögey qardaşını öldürmüşdü. Başqa hekayəyə görə, kölə edilmiş, bir gecə qaça bilmişdi.

Həyat Temuçin üçün bundan sonra da aasan olmadı. Həyat yoldaşı Börtə ilə evləndi. Amma Börtə düşmən tayfa tərəfindən qaçırıldı. Temuçin onu xilas edib geri qaytarmaq üçün dəstə topladı. Həmçinin gənclikdə qan qardaşı sayılan Camuqa tərəfindən xəyanətə uğradı. Temuçin bəzi sadiq adamlarının diri-diri qaynadıldığı vətəndaş müharibəsində döyüşməyə məcbur oldu.

Məhz bu erkən çətinliklər Temuçinin sonradan monqol tayfaları tərəfindən lider seçildikdə çevrilən şəxsiyyətinin formalaşmasına kömək etdi. Ona “Çingiz Xan” titulu verildi. Bu adın bir neçə anlamı olsa da, ən geniş yayılmış mənalardan biri “bütün dünyanın hökmdarı”dır.

Temuçin yeni imperiyasını qurarkən nəsillər boyu davam edən qan davalarına görə bir-biri ilə döyüşən tayfaları birləşdirərək onları dünya tarixinin ən təsiredici ordularından birinə çevirdi. Artıq Çingiz Xan adlanan bu lider Avrasiya çölləri və hüdudlarından kənarda milyonlarla insan üçün dəhşət mənbəyinə çevrildi.

Adətən monqollar müasir demokratiyanın qabaqcılları kimi düşünülməsə də, XIII əsrin ölçülərinə görə monqollar dünyada bir çox digər cəmiyyətlərdən xeyli fərqli quruluşu təmsil edirdilər.

Qan qardaşı Camuqa tərəfindən xəyanətə uğradıqdan sonra Çingiz Xan yaxşı liderin necə olduğu barədə fərqli baxış bucağı formalaşdırdı. Camuqa zadəgan qanına görə hakimiyyətə daha çox haqqı olduğunu iddia edirdi. Çingiz Xan isə bunun əksinə olaraq, sadə mənşəli əsgər və məmurları yüksəltməyə hazır idi.

Rəvayətə görə, 1206-cı ildə monqol tayfaları Temuçini lider seçəndə bir çubuq qaldırıb sındırmış və bunun monqol tayfalarından birini təmsil etdiyini demişdi. Sonra iki çubuq qaldırıb onları da sındırmışdı. Daha sonra isə bir dəstə çubuq götürmüş, amma onları sındıra bilməmişdi və izah etmişdi ki, bu, bütün tayfaların birliyi deməkdir.

Monqollar fəth etdikləri yerlərdə torpaq sahibi zadəganlarla kəndliləri bir-birinə qarşı qoyurdular. Tez-tez bildirirdilər ki, zadəganların zülmünü aradan qaldırmaq üçün gəliblər, bu da bəzən onların işinə müəyyən ictimai dəstək qazandırırdı.

Çingiz Xan tayfalar arasında qadınların qaçırılması ilə bağlı uzun müddətdir mövcud olan “gəlin oğurluğu” adətini qadağan etdi. Anası və Börtə ilə bağlı bu cür hadisələrlə üzləşdiyi üçün buna son qoymaqda qətiyyətli davranmışdı.

Monqollar aşağı vergi siyasəti və dini azadlıq tətbiq etmişdilər, bu da həmin dövrdə fəth edilmiş bəzi xalqlar üçün demək olar ki, görünməmiş hal idi. Cəmiyyətdə gözlənilməz dərəcədə sosial yüksəliş imkanları mövcud idi, amma ciddi nizam-intizamın qorunması şərtilə.

Monqollar köçəri fəthlər tarixində böyük bir sıçrayışı təmsil edirdilər. Avropa, Yaxın Şərq və Asiya ölkələri əvvəllər də köçəri fəthçilərlə üzləşmişdilər, amma monqollar bu prosesi tamamilə yeni səviyyəyə qaldırdılar.

Monqolların düşmənlərinə, xüsusən də qalalarla əhatə olunmuş şəhərlərə qorxu salmaq üçün bir neçə üsulu vardı. Tez-tez sadə seçim təqdim edirdilər: ya təslim olmaq, ya köləlik, ya da ölüm. Bu, böyük imperiyalar üçün qeyri-adi yanaşma deyildi. Amma monqol fəthlərinin miqyası o qədər böyük idi ki, bir çox şəhər müqavimət göstərməkdənsə, təslim olmağa üstünlük vermişdi.

Bəzi hallarda isə monqollar təslim olmayan şəhəri ələ keçirir, amma sakinlərini qırmırdılar. Bu, mərhəmət deyildi, düşməni zəiflətmək üçün düşünülmüş taktika idi. Qaça bilənlər monqolların hərbi bacarıqları barədə hər yerdə danışırdılar, düşmən torpaqlarını doldurur, onsuz da məhdud olan ərzaq ehtiyatlarını tükədirdilər.

Monqollar bu taktikalardan bezmədən istifadə edirdilər. Məsələn, bəzi rus knyazlarını məğlub etdikdən sonra monqollar əsir alınmış zadəganların üzərinə böyük platforma qoymuş, üstündə ziyafət təşkil edərək onları yavaş-yavaş əzərək öldürmüşdülər.

Fəthlərdən sonra belə, monqollar nizam-intizamı qorumaq üçün tez-tez ölüm cəzasından istifadə edirdilər. Deyilənə görə, nəhəng imperiyada səyahətə çıxan yolçular bu cəza səbəbindən heç nədən ehtiyat etmirdilər.

Köçərilərin imperiya qurması anlayışı ətraf cəmiyyətlər üçün yeni deyildi. Amma Çingiz Xan Monqolustanın daim bir-biri ilə döyüşən tayfalarını tarixdəki ən böyük birləşmiş imperiyaya çevirməyə nail olmuşdu. Bu isə bir neçə mərhələdə baş verdi. İlk növbədə, Monqol İmperiyası ölkə tarixində ilk daimi şəhərləri inşa etdi. Çingiz Xan həmçinin qədim türk yazı sistemi əsasında monqol yazı sisteminin yaradılmasını əmr etdi.

Monqollar həm də qarşılaşdıqları xalqlardan təsirlənirdilər. Monqollar yeni əraziləri fəth etdikdə savadlı insanları qoruyur, onları dövlət və ya hərbi xidmətə cəlb edirdilər. Bundan əlavə, imperiya kənarından gələnlər də idarəçilikdə kömək edirdilər. Bu, monqolların nisbətən az sayda olmaları və imperiyanın geniş ərazilərinə baxmayaraq, olduqca səmərəli inzibati sistem yaratmalarına imkan vermişdi.

Bəlkə də ən böyük nümunə 1258-ci ildə Bağdadın fəthində ortaya çıxdı, bu, Çingiz Xanının ölümündən sonra baş verdi. Onun nəvəsi Hülakü rəhbərliyindəki monqollar ərəb dünyasının ən zəngin şəhərini ələ keçirdilər. Bunun bir səbəbi Abbasilər Xilafətinin monqolların qala şəhərini fəth etmək qabiliyyətini tam anlamaması, digər səbəb isə əsir alınmış mühəndislərin köməyi idi. Xəlifə xalçaya bükülərək atların ayaqları altında əzilərək öldürüldü. Ərəb tarixçilərinin yazdığına görə, çay qanla qırmızı, şəhərin dağıdılmış kitabxanalarının mürəkkəbi ilə isə qara rəngə boyanmışdı.

Monqolların yaydığı qorxu həm vəziyyətin təbiəti, həm də qəsdən həyata keçirilmiş siyasətdən qaynaqlanırdı. Monqollar idarəetmələrindəki mənfi aspektləri tez zamanda gücləndirməkdə mahir idilər.

Çingiz Xan bir dəfə Xarəzmşahlar İmperiyasından ticarət hüquqları tələb etdi. Amma onlar monqol karvanını məhv etdilər. Çingiz Xanın II Məhəmmədin sarayına göndərdiyi elçiləri də öldürdü, nəticədə monqol fatehindən sərt cavab gəldi.

Çingiz Xan Xarəzmşahların hökmdarını belə xəbərdar etmişdi: “Əgər böyük günahlar etməmiş olsaydın, Tanrı sənə mənim kimi cəza göndərməzdi”.

Monqollar bütün imperiyanı ələ keçirib, II Məhəmmədi təqib edərək onu öldürənə qədər qaçmağa məcbur etdilər. Bu zaman və sonrakı dövrdə monqollar Xarəzmşahlar əhalisinin təxminən dörddə birini məhv etdilər.

Çingiz Xan həmçinin pasportların ilk istifadə üsullarından birini də tətbiq etdi. Bu pasportlarda ciddi göstərişlər olurdu, Xan səfirlərinin diplomatik toxunulmazlığını təmin edirdi. Pasportlarda xəbərdarlıq edilirdi ki, sahibinə mane olarlarsa, ölümlə üzləşəcəklər.

Bütün bunlar yeni ideyaların geniş yayılması və bölüşülməsinə şərait yaratdı, tarixçilər bunu bəzən “Monqol sülhü” adlandırırlar. O dövrdə yeni ideyalar Asiyadan Avropa və Yaxın Şərqə yayıldı, ticarət əhəmiyyətli dərəcədə artdı, xüsusilə İpək Yolunda.

Tarixin gedişində dünyaya məlum oldu ki, monqollar təkcə böyük imperiyaları qorxuya salan köçəri döyüşçülər deyildilər, əksinə, özləri böyük imperiya idilər. Bir gəncin üzləşdiyi şəxsi faciəsi ilə başlatdığı yol böyük imperiyaya çevrildi. Bu, onun ölümündən sonra da davam etdi…