BAKI, 8 dekabr. TELEQRAF

İngiltərənin Bristol Universitetinin alimləri tərəfindən aparılan yeni araşdırmada milyonlarla il sonra Yer kürəsindəki materiklərin Pangeya Ultima adlı superqitədə birləşməsinin səbəb olacağı həddindən artıq istilərə görə insanlar və heyvanların kütləvi yoxa çıxa biləcəyi barədə xəbərdarlıq edilir.

Teleqraf xəbər verir ki, bu barədə “Nature Geoscience” məlumat yayıb.

Proqnoza görə, gələcək supermaterik iqlimi ciddi şəkildə pisləşdirəcək, okeanın təsirinin azalması, daha güclü Günəş radiasiyası və karbon (CO₂) səviyyəsinin artması dünyaya üçqat zərbə vuracaq, bu, temperaturun 40-70°C aralığında olmasına gətirib çıxaracaq. Bu şəraitdə insanlar və heyvanlar bədənlərini effektli şəkildə soyuda bilməyəcək və salamat qalmaq demək olar ki, mümkünsüz olacaq.

Araşdırma göstərir ki, Yer kürəsinin yalnız 8-16 faizi həyat üçün məqbul temperatur diapazonunda qala bilər, quraqlıq və su mənbələrinin azlığı isə yaşamaq uğrunda mübarizəni daha da çətinləşdirəcək. Alimlərin sözlərinə görə, artıq bu gün temperatur artımının məhsuldarlıq, enerji və insan sağlamlığına mənfi təsirləri hiss olunur.

Araşdırmanın həmmüəllifi doktor Yunis Lo deyir:

“İnsan fəaliyyəti nəticəsində yaranmış indiki iqlim böhranını diqqətdən kənarda qoymaq son dərəcə təhlükəlidir”.

Tədqiqatçılar tektonik plitələrin hərəkəti, vulkanik aktivlik və istixana qazlarının səviyyəsini nəzərə alan iqlim modellərindən istifadə ediblər. Proqnoza əsasən, CO₂ konsentrasiyası 600 ppm-dən çox ola bilər ki, bu da həyat üçün şəraiti daha da pisləşdirəcək.

Yer kürəsi tarixində iqlim fəlakətləri nəticəsində kütləvi məhvolmalar dəfələrlə baş verib: Perm-Trias, Trias-Yura və Təbaşir-Paleogen hadisələri növləri 50-90 faizədək yox etmişdi. Müasir araşdırmalar xatırladır ki, emissiyaların nəzarətdə saxlanılması və iqlim dəyişikliklərinə uyğunlaşma yaxınmüddətli fəlakətlərin qarşısını ala və planeti gələcək sınaqlara hazırlaya bilər.