BAKI, 22 avqust. TELEQRAF

ABŞ və Avropadan olan planetoloqlar Yupiterin yaranması ilə bağlı çoxsaylı nəzəriyyələri nəzərdən keçirdikdən sonra belə qənaətə gəliblər ki, planetin bu yaxınlarda kəşf edilmiş nüvəsi, bir çox elm adamının güman etdiyi kimi, onunla başqa bir planetin toqquşması nəticəsində əmələ gələ bilməzdi.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya Kral Astronomiya Cəmiyyətinin (RAS) mətbuat xidməti məlumat yayıb.

“Yupiter kimi nəhəng, böyüyən bir planetin yaşaya biləcəyi ən dağıdıcı hadisələrdən birinə necə reaksiya verəcəyini görmək maraqlı idi. Bu hesablamalar göstərdi ki, Yupiterlə başqa bir planetin toqquşması onu öz nüvəsinə qədər sarsıdacaq, amma nəticədə onun daxili görünüşü müasir Yupiterinkindən tamamilə fərqli olacaq”, - Darem Universitetinin tədqiqatçısı Tomas Sandnes deyib.

Astronomlar onilliklər ərzində Yupiterin nüvəsinin olub-olmaması və onun necə və nəyə bənzədiyi barədə mübahisə ediblər. Bu mübahisələr 2017-ci ildə “Juno” zondunun apardığı ölçmələr nüvənin mövcud olduğunu, amma elm adamlarının güman etdiyi kimi, bərk süxurlar və ya metal hidrogendən deyil, təbiəti hələ dəqiqləşdirilməmiş bəzi məsaməli, boş maddələrdən ibarət olduğunu göstərdikdə həll olunub.

Nəzəriyyəçilərin sonrakı hesablamaları göstərdi ki, bu nüvə Yupiterlə kütləsi Yerinkindən təxminən 10 dəfə böyük olan planetlə toqquşması nəticəsində yarana bilər.