BAKI, 17 aprel. TELEQRAF
Astronomlar Yer kürəsindən 124 işıq ili uzaqlıqda yerləşən planetdə bioloji aktivlik əlamətləri aşkar ediblər. Bu, yerdənkənar həyatın ən inandırıcı sübutlarından biri hesab olunur.
Teleqraf xəbər verir ki, bu barədə “Astrophysical Journal Letters” elmi nəşrində dərc olunan tədqiqatda deyilir.
Elm adamları kosmik teleskopdan istifadə edərək Yerdən 8,6 dəfə böyük olan və qırmızı cırtdan ulduzun ətrafında dövr edən su ilə örtülü K2-18b planetinin atmosferində xüsusi üzvi molekullar tapıblar. Yer üzündə belə molekullar yalnız canlı orqanizmlərin sayəsində əmələ gəlirlər.
Yerdənkənar həyatı tədqiq edən alimlər K2-18b ilə ilk dəfə 2023-cü ildə, “James Webb” kosmik teleskopunun əldə etdiyi məlumatlar onun atmosferində metan və karbondioksidi göstərdikdə - ilk dəfə karbon əsaslı molekulların Günəş sistemindən kənarda yerləşən bir planetin atmosferində aşkar edildiyi zaman maraqlanmağa başlayıblar. Bununla belə, Kembric Universitetinin alimlərinin fikrincə, bu molekulları bu qədər böyük həcmdə əmələ gətirə biləcək məlum qeyri-bioloji proses yoxdur.
Universitetin astrofizika professoru Nikku Madxusudxan deyir ki, K2-18b-dəki şərtlər Yerin ilk okeanlarının “güzgü yansıması” ola bilər. K2-18b-də daha böyük canlıların mikroblarla qidalandığı dəniz qida zəncirinin də mövcud olub-olmadığı hələlik müəyyən olunmayıb.
Astronomlar uzaq planetin atmosferinin tərkibini planetin qarşısından keçərkən onun ana ulduzundan gələn işığı təhlil edərək müəyyən edirlər. Madxusudxanın sözlərinə görə, K2-18b-nin birbaşa təsvirini əldə etmək hazırkı teleskopların imkanlarından kənardadır. Planet Yer kürəsindən çox uzaqda və ana ulduzuna çox yaxındır.