
BAKI, 5 mart. TELEQRAF
Dünyanın ən böyük aysberqi kimi tanınan, ərazisi Londondan iki dəfə böyük olan A23a Böyük Britaniya sahilləri yaxınlığında (Atlantik okeanı) bir adaya dirənərək hərəkətini dayandırıb. A23a təxminən 40 il sonra - 2024-cü ildə yenidən aktivləşmişdi.
Teleqraf xəbər verir ki, peyk görüntüləri dünyanın ən böyük aysberqinin hazırkı durumunu üzə çıxarıb.
Son məlumata görə, A23a Cənubi Corciya adasından qurudan 80 km aralıda dayaz kontinental şelfdə ilişərək qalıb.
Böyük həcmdə qida maddələri ilə zəngin olan aysberqin parçalanaraq və ya əriyərək okeanda “həyat partlayışı”na səbəb ola biləcəyi iddia edilir.
Böyük Britaniya Qütb Araşdırmaları İnstitutunun mütəxəssisi Nadin Conston bu barədə deyib: “Bu, boş bir səhranın ortasına “yemək bombası” atmağa bənzəyir”.
Cənubi Corciyanın yerli hökumətinə məsləhət verən ekoloq Mark Belçier bildirib:
“Aysberq parçalansa, yaranan yeni buz kütlələri yerli cərəyanlar üzrə işləyən gəmilər üçün təhlükə yarada və gəmilərin balıqçılıq sahələrinə çıxışını məhdudlaşdıra bilər”.
Antarktidada “RRS Sir David Attenborough” adlı qütb araşdırma gəmisində olan Hyu Qrffits də digər aysberqlər kimi, A23a-nın da sonunun parçalanmaq olacağını proqnozlaşdırır:
“Əslində, A23a-nın bu qədər uzun müddət qalması və həcminin yalnız dörddə birini itirməsi təəccüblüdür”.
1986-cı ildə Antarktikadan qoparaq Veddell dənizində quruya oturaraq “buz adası”na çevrilən A23a təxminən 40 il sonra - 2024-cü ildə yenidən aktivləşmişdi. Yazda nəhəng burulğana düşən buzlaq Şimala doğru üzəməyə başlamışdı. Son elmi araşdırmada A23a-nın səthi təxminən 4 min kvadrat kilometr, qalınlığı isə 400 metr olaraq ölçülüb.