
BAKI, 16 fevral. TELEQRAF
"X" sosial şəbəkəsində Adolf Hitlerin adına açılmış səhifə təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin “CursorInfo” agentliyi məlumat yayıb.
Nəşr qeyd edir ki, Hitlerin adından açılmış hesab istifadəçilərin hiddətinə səbəb olub və onlar səhifənin necə təsdiqləndiyinə təəccüblə yanaşıblar.
Səhifənin "haqqında" bölməsində "Almaniyanı yenidən möhtəşəm etmək üçün geri qayıtmışam" yazılıb.
Sosial şəbəkə administrasiyası durumu şərh etməyib.
Dr. Eli David ləqəbi ilə tanınan süni intellekt tədqiqatçısı "X" sosial şəbəkəsinin sahibi İlon Maskdan izahat tələb edib.
Daha sonra məlum olub ki, qeyd edilən səhifə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin rəsmi hesabı olub. Onun sındırıldığı açıqlanıb. Səhifə bərpa olunub.