Tanınmış aktrisa Gülşən Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Gülşən xanım, Türkiyə və Azərbaycanın ortaq layihəsi olan “Yanlış anlama 2” filminə çəkildiniz. İstəyərdik filmdə canlandırdığınız obrazla bağlı oxucularımızı məlumatlandırasınız...

- Bəli, “Yanlış anlama 2” filmi Azərbaycanda çəkildi. Filmin baş rollarını türkiyəli məşhur aktyor Cemal Hünal ilə mən oynayıram. Ekran əsərində çox tərbiyəli, sakit təbiətli əsl Azərbaycan xanımına xas olan bir obrazı canlandırıram. Bu obrazın başqa romantik tərəfləri də var. Bunu isə film əsnasında görə bilərsiniz. Sürpriz olsun, çox açıqlama vermək istəmirəm ki, tamaşaçılarımız izləyib görsünlər.

- Filmin qala gecəsi Azərbaycanda nə zaman baş tutacaq?

- “Yanlış anlama 2” filminin qalasının tarixini tam açıqlayıb deyə bilmərəm.

- Türkiyəli aktyor Cemal Hünal ilə tərəf müqabili oldunuz. Tərəfdaşınızla birgə işinizi necə təqdim edərdiniz?

- Cenal Hünalı bir aktyor kimi çox bəyənirəm. İnsan kimi isə çəkiliş meydançasında tanış oldum. Çox diqqətli və gözəl xarakterə malikdir, səmimidir. Düzdür, kapriz bütün aktyor və aktrisalarda olur. Amma Cemal Hünaldan tərəf müqabili olaraq özümə hörmət gördüm və mən də hər zaman ona qarşı hörmət bəsləyirəm. Çünki həqiqətən də yaxşı insandır və xətrini çox istəyirəm. Film bitsə belə bizim dostluğumuz hər zaman davam edəcək.

- “Yanlış analama 1” filmində aktrisa Pərvin Abıyeva və bir neçə aktyor da çəkilmişdi. Amma "Yanlış anlama 2”də həmin sənətçilərin heç biri görmədik...

- Bəli, mən “Yanlış anlama 1”də yox idim. Qeyd etdiyiniz kimi “Yanlış anlama 1”də bir çox azərbaycanlı aktyorlar var idi, tam adlarını xatırlamıram. “Yanlış anlama 2”də mən, Elcan Rəsulov və İslam Mehrəliyev çəkilib.

- Film çəkilişindən nə qədər qonarar aldınız?

- Qonararlarımız yaxşı idi. Məbləği açıqlaya bilmirəm. Hər halda düşünürəm ki, əziyyətimizə dəyəcək dərəcədə qonarar almışıq. Film heyətindən çox razıyam, çəkiliş yüksək səviyyədə idi. Profesionallarla işləmək isə çox gözəldir.

- Türkiyədə tanınmaq və film sektoruna daxil olmaq kimi bir fikriniz var?

Türkiyə mətbuatında Cemal Hünalın və Yılmaz Grudanın haqqımda fikirləri yayımlandı. Onlar mənim aktrisalığımı çox bəyənirlər. Türkiyədə “Yanlış anlama 2” filmindən sonra böyük diqqət və marağa səbəb oldum. Mən də çalışıram ki, Azərbaycanımızı, mədəniyyətimizi Türkiyədə gözəl təmsil edim. Artıq Türkiyədən bəzi iş təklifləri var. Yəqin ki, yaxın gələcəkdə bir çox iş təklifləri dəyərləndirəcəm. Türkiyədə filmlərə çəkilmək çox istəyirəm və bununla qürur duyaram.

- Şəxsi həyatınızla bağlı hissəyə keçmək istərdim. Nə zaman ailə qurmağı düşünürsünüz?

- Hazırda şəxsi həyatımda heç kim yoxdur.

- Bəzi sənətçilər evlənəcəyi şəxslə bağlı harada yaşaması, haralı olması ilə bağlı məsələləri diqqətə alırlar. Siz necə düşünürsünüz, məsələn türkiyəli bəylə ailə qurardınız?

- Azərbaycan, yaxud da Türkiyə vətəndaşı olmasının fərqi yoxdur. Əsas odur ki, insanlığı olsun, xanıma dəyər versin. Mənə türk iş adamı evlilik təklif etmişdi. Filmdən sonra da Türkiyədən özümə qarşı çox diqqət görürəm. Qismətimdə nə varsa yaşayacam. Niyə də olmasın. Çünki evlənib ailə qurmaq hər bir xanıma yaraşır. Xanımlarımız hər zaman xoşbəxt olmalıdırlar. Bütün xanımlata xoşbəxtlik arzu edirəm.