BAKI, 17 avqust. TELEQRAF

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu ilki nəticələrə əsasən, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 104 nəfər respublika fənn olimpiadası, 63 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

"Bundan əlavə, SAT imtahanının nəticələrinə əsasən və ADA məktəbinin məzunu kimi, ümumilikdə 520 abituriyent ADA Universitetinə qəbul olunub.

Ümumilikdə 690 abituriyent müvafiq ixtisas kodları üzrə ali təhsil müəssisələrinə yerləşdirilib. Tələbə adını qazanan gənclərin böyük hissəsi ödənişli əsaslarla, digər qismi isə tam dövlət sifarişi ilə oxumaq hüququ qazanıb. 123 nəfər dövlət sifarişi (DS) əsasında pulsuz təhsil alacaq. 567 nəfər isə ödənişli əsaslarla müvafiq fakültələrə yerləşdirilib.

Xatırladaq ki, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər", - məlumatda qeyd olunub.