TBİLİSİ, 19 may. TELEQRAF
Bu ilin yanvar-aprel aylarında Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin dəyəri 416,3 milyon ABŞ dollarına bərabər olub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
İlk dörd ayda Azərbaycanın Gürcüstanın ümumi ticarət dövriyyəsində payı 5,4% təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra Gürcüstanın VI böyük ticarət tərəfdaşı olub.
Hesabat dövründə Gürcüstanın Azərbaycana ixracı 215,1 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 12% çoxdur. Azərbaycan Gürcüstanın ixracında 10,7% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan və Qazaxıstandan sonra III yeri tutub.
Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 4% azalaraq 201,2 milyon ABŞ dollarına çatıb. Azərbaycan qonşu ölkənin idxalında 3,5% payla ABŞ, Türkiyə, Rusiya, Çin, Böyük Britaniya və Almaniyadan sonra VII əsas idxal tərəfdaşı olub.
Yanvar-apreldə Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi dəyəri 7,76 milyard ABŞ dolları təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə dəyərdə 15,3% artım qeydə alınıb. Qonşu ölkənin ixracı 2,01 milyard ABŞ dollarına (+14,2%), idxalı isə 5,74 milyard ABŞ dollarına (+15,7%) çatıb.