BAKI, 20 noyabr. TELEQRAF
Azərbaycanda torpaq islahatı çərçivəsində vətəndaşlara verilmiş, lakin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış həyətyanı torpaq sahələri ilə bağlı problemin həlli nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, 2015-ci il fevralın 6-dək vətəndaşlara verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaqlar üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab ediləcək.
Məsələ ondan ibarətdir ki, əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Torpaq islahatı haqqında” Qanuna uyğun olaraq vətəndaşlara verilən həyətyanı torpaqlara dair mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr hazırlanırdı. Bu proses 2006-cı il iyulun 6-dək davam edib.
Həmin tarixdən sonra daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanılması ilə əlaqədar şəhadətnamələrin hazırlanması dayandırılıb və vətəndaşlara yalnız torpaq sahəsinin plan və ölçüsü sənədi təqdim edilib.
Lakin plan-ölçü texniki xarakterli sənəd olduğundan, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmayıb.
Nəticədə eyni hüquqi əsasla torpaq əldə etmiş vətəndaşların bir qismi mülkiyyət şəhadətnaməsi, digər qismi isə yalnız plan-ölçü sənədi ilə təmin edilib.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, bu fərqin aradan qaldırılması və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün hüquqi imkan yaradılacaq.