BAKI, 26 may. TELEQRAF
İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə dördüncü investisiya müsabiqəsi üzrə müraciətlərin (ərizələrin) qəbuluna başlanılır.
Bu barədə Teleqraf-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, icarə müqaviləsi ilkin olaraq 5 (beş) il müddətinə imzalanır. Həmin müddətin sonunda Qaydalara uyğun olaraq həyata keçirilən nəzarət tədbirlərinə əsasən, müsabiqə qalibinin Qaydaların və icarə müqaviləsinin tələblərinə əməl etdiyi (o cümlədən torpaqlardan səmərəli istifadə etdiyi) müəyyən edildikdə, icarə müqaviləsinin müddəti əlavə 44 (qırx dörd) ilədək uzadılır.
İnvestisiya layihəsi əkinçilik, bağçılıq, heyvandarlığın inkişafı, aqroturizm və balıqçılıq istiqamətlərini əhatə edir. Ərizələrin qəbulu 26 may 2026-cı il, saat 09:00-da başlayır və 10 iyul 2026-cı il saat 18:00-da başa çatır. Ərizələr Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS – eagro.az) vasitəsilə qəbul ediləcək.
Qeyd edək ki, investisiya layihəsinin həyata keçiriləcəyi torpaq sahələri Xocavənd, Xocalı, Cəbrayıl, Füzuli, Qubadlı və Laçın üzrə 2 030 hektar (19 massiv) ərazini əhatə edir.