BAKI, 25 may. TELEQRAF
2026-2030-cu illərdə yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının minimum 10, mal əti üzrə istehsalın 20, süd istehsalının isə 10 faiz artırılması nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda əks olunub.
Sənədə əsasən, artıma nail olmaq üçün cins heyvanların güzəştlə satışının təşviqinin təkmilləşdirilməsi, yeni dəstək mexanizminin formalaşdırılması (heyvan və məhsul subsidiyası) planlaşdırılıb.
Damazlıq heyvanların güzəştlə satışı təşkil ediləcək. Südlük və ətlik təsərrüfatların cins damazlıq heyvanlarla təminatı yaxşılaşdırılacaq və süni mayalanmada təkmilləşdirilmiş və diferensiallaşdırılmış dəstək mexanizmi tətbiq ediləcək. O cümlədən müasir tələblərə cavab verən yeni təsərrüfatların yaradılacaq.
Proqramda qoyun əti istehsalının azı 9 faiz, quş əti istehsalının 30 faiz, yumurta istehsalının 27 faiz artırılması hədəflənib.
Bunun üçün qoyunçuluqda yarım intensiv təsərrüfatların yaradılmasının dəstəklənməsi ilə bağlı təkliflər hazırlanması, müvafiq dəstək tədbirlərinin müəyyən edilməsi və icrasına başlanılması, təsərrüfatlar üçün artezian quyuların qazılmasının subsidiyalaşdırılması mexanizminin tətbiqi nəzərdə tutulur.
Quşçuluq təsərrüfatlarlarına gəlincə, ehtiyaclar qiymətləndirilərək, sahənin xüsusiyyətləri nəzərə alınmaqla torpaqların kateqoriyasının, yaxud məqsədli təyinatının dəyişdirilməsi istiqamətində işlərin sürətləndirilməsi üçün tədbirlər görüləcək. Toyuq damlarının və kəsimxanalarının qurulması üçün dəstək mexanizmi hazırlanaraq, yumurta istehsalı istiqamətində emal müəssisəsi yaradılacaq.