![](https://teleqraf.az/storage/2025/02/11/715x378/whatsapp_image_2025-02-11_at_3.22.12_pm.jpg)
BAKI, 11 fevral. TELEQRAF
Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində yüksək keyfiyyətə malik banan yetişdirilib. Yerli bananlar peşəkar mütəxəssislərin təcrübəsi və innovativ yanaşmaları sayəsində ölkənin iqlim şəraitinə uyğunlaşdırılıb.
Teleqraf-ın AZERA Holdinqə daxil olan "Fruitland” şirkətinin banan bağlarına ezam edilən xüsusi müxbirinin verdiyi məlumata görə, ölkəmizdə ilk dəfə istixana şəraitində bananların kimyəvi qatqısız və əlavə preparatlardan istifadə edilmədən yetişdirilməsinə nail olunub.
İstehsal prosesinin hər bir mərhələsi isə mütəxəsisslər tərəfindən xüsusi diqqətdə saxlanılıb.
Yeri gəlmişkən, "Fruitland” Azərbaycanda istixana kompleksində və açıq sahələrdə müxtəlif meyvələrin istehsalını həyata keçirir. Şirkət illik bağlardan 5 min ton məhsul götürür. Məhsullar yerli və xarici bazarlarda satışa çıxarılır.
"Fruitland" şirkətinin direktoru Elnur Abdullayev bildirdi ki, şirkətin meyvəçiliklə bağlı əsas iş planı Azərbaycan iqtisadiyyatına və kənd təsərrüfatına töhfə verməkdir.
"Əsas hədəfimiz Azərbaycana idxal olunan meyvələrin asılılığını aradan qaldırmaqdır. Bunun üçün istixana şəraitində meyvə bağları salmışıq. Düşündük ki, Azərbaycanda ən çox idxal olunan məhsullar sırasında banan da yer tutur. İlk dəfə ölkədə bu meyvənin yetişdirilməsi ilə bağlı layihə hazırladıq. 2024-cü ilin yanvar-fevral aylarında layihəyə başladıq. Bu gündə bu layihəni uğurla başa çatdırmışıq. Hədəfimiz 2-3 ildə Azərbaycana idxal olunan bananın 20-30%-ni yerli məhsulla əvəzləməkdir".
E.Abdullayev qeyd etdi ki, son 10 ildə bir çox şirkət banan yetişdirməyə cəhd göstərsə də, buna nail ola bilməyib. Hazırda şirkətin yerli istehsal bananları ölkənin əksər market şəbəkələrində və bazarlarında alıcılara təklif olunur.
Elnur Abdullayev dedi ki, "Fruitland”ın istehsal etdiyi bananın marketlərdə satılan banandan əsas fərqi odur ki, sahədən piştaxtalara 3 gün ərzində çatdırılır.
"Ancaq bu gün rəfdə olan bananların ekvatordan və yaxud Afrikanın digər ölkələrindən gətirilməsi 40-45 gün çəkir. Bananın yolda xarab olmaması üçün də bəlli bir kimyəvi maddə vurulur.Bizim əsas hədəfimiz Azərbaycan bazarına qatqısız dərmansız banan çıxarmaqdır. O ki qaldı qiymətlərə, idxal məhsulu ilə eyni qiymət təşkil edir".
Onu da qeyd edək ki, statistika komitəsinin hesabatlarına görə, Azərbaycan əhalisinin qida rasionunda banan mühüm yeri tutur. Məsələn, hər il ölkəyə 50 min ton banan idxal olunur. Bu da banana tələbatın gündəlik olaraq 140-150 ton olması deməkdir.
Öyrəndik ki, yerli bananın istehsalında yüksək keyfiyyətə və məhsuldarlığa nail olunması üçün Türkiyədən aqronom dəvət edilib.
Elə bağın aqronomu ilə də həmsöhbət olduq. Hacı Murat Berksoy dedi ki, bu il hər ağacdan 25-30 kq. məhsuldarlıq gözlənilir. 3-4 ildən sonra isə məhsuldarlıq 100 kq-a qədər yüksələcək.