BAKI, 19 noyabr. TELEQRAF
ABŞ-nin Kaliforniya ştatında yerləşən Stanford Universitetində Azərbaycanlı-Amerikalı İT və Süni İntellekt Mütəxəssislərinin I Forumu keçirilib.
Bu barədə Teleqraf-a Disporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Komitənin dəstəyi ilə təşkil olunan forum Stanford Azərbaycan Tələbələri Assosiasiyasının təşkilatçılığı, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ACSNC) və Amerika Azərbaycanlı Təşkilatları Alyansının (AAAO) tərəfdaşlığı ilə baş tutub.
Tədbirdə Silikon Vadisində və ABŞ-nin müxtəlif ştatlarında çalışan azərbaycanlı proqram mühəndisləri, data mütəxəssisləri, kibertəhlükəsizlik ekspertləri, startap təsisçiləri, texnologiya liderləri və tələbələr iştirak ediblər. Forumda 150-yə yaxın iştirakçı və 16 panelist bir araya gəlib.
Tədbiri Stanford Azərbaycan Tələbələri Assosiasiyasının prezidenti Aytən Sadirova açaraq iştirakçıları salamlayıb.
Təşkilat Komitəsinin həmsədri, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Nurlan Şükürlü Silikon Vadisində çalışan azərbaycanlı texnologiya mütəxəssislərinin vahid peşəkar platformada birləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, azərbaycanlı mühəndislər və sahibkarlar üçün yaradılan svaztech.net platformasını təqdim edib. Həmçinin azərbaycanlı mütəxəssislərin artıq qlobal texnologiya ekosistemində fəal rol oynadıqlarını və forumun onların həm bir-biri ilə, həm də Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev çıxışında Silikon Vadisində fəaliyyət göstərən azərbaycanlı İT mütəxəssislərinin uğurlarından, onların qlobal texnologiya ekosistemində artan rolundan danışıb. ABŞ-də fəaliyyət göstərən azərbaycanlı İT mütəxəssisləri arasında peşəkar əlaqələrin inkişafı, süni intellekt və yeni texnologiyalar sahəsində təcrübə mübadiləsini genişləndirilməsi, həmçinin diasporla Azərbaycan arasında texnoloji əməkdaşlıq imkanlarını gücləndirilməsi baxımından forumun əhəmiyyətini diqqətə çatdırıb. O bu cür təşəbbüslərin azərbaycanlı peşəkarları vahid platformada birləşdirdiyini, onların Azərbaycanla əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Azərbaycan Respublikasının Los-Ancelesdəki Baş konsulu Vüqar Qurbanov və Amerika Azərbaycanlı Təşkilatları Alyansının vitse-prezidenti dr. Adika İqbal isə çıxışlarında Silikon Vadisinin qlobal texnologiya mərkəzi kimi əhəmiyyətindən, burada fəaliyyət göstərən azərbaycanlı mütəxəssislərin potensialından və peşəkar əməkdaşlıq imkanlarından bəhs ediblər.
Forum çərçivəsində dörd panel müzakirəsi keçirilib. Aytən Sadirova və Salatın Mirzəyevanın aparıcılığı ilə baş tutan müzakirələr süni intellekt, kibertəhlükəsizlik, liderlik, sahibkarlıq, innovasiyaların məhsula çevrilməsi və texnologiyaların qlobal bazara çıxarılması mövzularını əhatə edib.
Nicat Behbudovun moderatoru olduğu “Süni intellekt ajiotajından kənara: gələcəyin texnologiyalarının qurulması” adlı ilk paneldə süni intellektin iş proseslərinə təsiri və gələcək texnoloji istiqamətlər müzakirə olunub.
“Süni intellekt dövründə etibar, təhlükəsizlik və liderlik” panelinin moderatoru Səbinə Hüseynova olub. Paneldə məsuliyyətli texnologiya istifadəsi, təhlükəsizlik və liderlik məsələlərinə toxunulub.
“Silikon Vadisindən dünyaya: sahibkarlıq və qlobal innovasiya” panelində texnoloji şirkətlərin yaradılması və qlobal innovasiya imkanları diqqət mərkəzində olub. Panelə Nicat Hüseynov moderatorluq edib.
Rəşad Əzimovun moderatorluğu ilə keçirilən “İnnovasiyadan nəticəyə: texnologiyanı məhsula çevirmək” panelində isə yeni texnologiyaların bazara çıxarılması və məhsul strategiyaları müzakirə edilib.
Panellərdə Cəvahir Abbasova (Typeface AI), Mehdi Əhmədov (Microsoft), dr. Sərxan Bədirli (Eli Lilly and Company), Sehran Həsənli (Google), Elçin Məmmədov (Crowe), Sevi Boisvert (Check Point Software Technologies), Ayka Ağayeva (Google), Emil Efe Xaliq (Intelligence Security), Aslan Məmmədli (Enverson AI), Beybut Əbdulrəhimov, Anar Məmmədov (EtaVista), Elçin Bayramov (CFOCrew), Vüsal İbrahimli (All My Taxes), Dilarə Rüstəmzadə (Passion Technologies) və Yaşar Koyutürk (Stanford Universiteti) çıxış ediblər. Mütəxəssislər süni intellekt, kibertəhlükəsizlik, innovasiya, sahibkarlıq, texnologiyaların məhsula çevrilməsi və qlobal texnologiya ekosistemində yeni imkanlar barədə fikirlərini bölüşüblər.
Panellərarası fasilələrdə təşkil olunan şəbəkələşmə sessiyaları iştirakçılara fikir mübadiləsi aparmaq, yeni peşəkar əlaqələr qurmaq imkanı yaradıb. Fasilələr zamanı nümayiş etdirilən humanoid robot isə iştirakçıların böyük marağına səbəb olub.
Bağlanış mərasimində forumun təşkilində və keçirilməsində iştirak edən tərəfdaş təşkilatlara, könüllülərə və iştirakçılara təşəkkür bildirilib.
Tədbirin bədii proqramı Anar Allahverdovun rəhbərlik etdiyi “Sound of Fire” nağara qrupunun çıxışı, Azərbaycan rəqsləri və Cavid Hüseynlinin skripka ifası ilə davam edib.
Təşkilatçılar forumun hər il keçiriləcəyini, tədbirlərarası dövrdə isə icmanın rüblük görüşlərinin təşkil olunacağını bildiriblər.
Qeyd edək ki, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı texnologiya mütəxəssislərinin forumunun təşkili təşəbbüsü 2026-cı il mayın 20-də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının Silikon Vadisində azərbaycanlı İT mütəxəssisləri ilə keçirdiyi görüşdə irəli sürülüb.