BAKI, 2 noyabr. TELEQRAF

Bakının Nəsimi rayon ərazisində yerləşən masaj salonunun sahibindən hədə-qorxu gəlməklə pul tələb edən Səid Rüstəmzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Səid Rüstəmzadənun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 2 il sınaq müddəti təyin edilib və 5 il şərti cəza verilib.

Qeyd edək ki, bundan əvvəlki prosesdə çıxış edən dövlət ittihamçısı Rüstəmzadənin 7 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.

İttihama görə, Səid Rüstəmzadə Bakının Nəsimi rayon ərazisində yerləşən masaj salonunun sahibi Gülnarə İsayevaya özünü hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edib və pul tələb edib, ona himayədarlıq edəcəyini deyib.

Bu səbəbdən salon rəhbəri ilk görüş zamanı ona 3 min manat verib. Bundan əlavə, aylıq ödəniş etməyə razılaşıb.

Daha sonra Səid qadından ümumilikdə 30 min manat tələb edib.

Bir müddət sonra qadın Səid Rüstəmzadənin heç bir dövlət qurumunda çalışmadığını müəyyən edib və onun barəsində şikayət edib.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4-ci (hədə-qorxu ilə tələb etmə - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) ilə ittiham irəli sürülüb.