BAKI, 12 avqust. TELEQRAF

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə icra etdiyi “DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb.

Teleqraf xəbər verir ki, həmin müəssisələrdə əmək qanunvericiliyinin tətbiqi, əməyin mühafizəsinin təşkili, insan resurslarının idarə edilməsi və elektron altsistemlərdən istifadə istiqamətləri üzrə qiymətləndirmə aparılıb.

Bu sahələrdə mövcud olan boşluqlar, risklər aşkarlanaraq, onların aradan qaldırılması üçün aidiyyəti işəgötürənlərə tövsiyələr verilib, təlim və konsultasiya dəstəyi göstərilib.

“DOST Müfəttiş” layihəsi könüllü və ödənişsiz əsaslarla həyata keçirilir və iş yerlərində əmək münasibətlərinin qanunvericiliyə uyğun qurulması məqsədinə xidmət edir.

Ümumilikdə ötən dövrdə bu layihə çərçivəsində 33 müəssisədə qiymətləndirmə aparılıb.