Bugünkü müzakirələr bir daha göstərdi ki, qarşıdakı beş il ərzində aqrar sahənin inkişafı yalnız istehsalın artırılması ilə ölçülməyəcək. Əsas meyar məhsuldarlıq, rəqabətqabiliyyətlilik, əlavə dəyər, özünütəminat, ixrac potensialı və müasir idarəetmə olacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Şərur şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
"Cənab Prezidentin müəyyən etdiyi əsas vəzifə aydındır: mövcud potensialdan maksimum istifadə etməklə ölkənin ərzaq təhlükəsizliyini daha da möhkəmləndirmək, idxaldan asılılığı azaltmaq, özəl investisiyaları artırmaq və aqrar sahəni iqtisadi inkişafın aparıcı istiqamətlərindən birinə çevirmək.
Dövlət Proqramı ilə müəyyən edilmiş əsas hədəflər bitkiçilik üzrə müasir suvarma sistemləri, intensiv meyvə bağları, istixana kompleksləri, soyuducu anbarları və taxıl silolarının həcminin və buğdanın məhsuldarlığının, kiçik şərabçılıq təsərrüfatlarının sayının artırılması, heyvandarlıq üzrə isə heyvanların xüsusi cins tərkibinin, müxtəlif növdə ət məhsullarının, süd və yumurtanın istehsal həcminin artırılması, sahə üzrə kadr potensialının genişləndirilməsi, aqrar sığortaya cəlb edilmənin həcminin genişləndirilməsi və idarəetmənin rəqəmsallaşmaya keçidinin təmin edilməsindən ibarətdir. Eləcə də su və torpaq resurslarından səmərəli istifadə əsas prioritetlərdəndir", - deyə bildirib.
Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikası bu məqsədlərin həyata keçirilməsi üçün ən əlverişli regionlardan biridir: "Burada mövcud vergi və gömrük güzəştləri, subsidiyalar, daşınma xərclərinin dövlət tərəfindən qarşılanması, daha əlverişli aqrar dəstək mexanizmləri, heyvan xəstəliklərindən azad zona statusuna hazırlıq işləri, su infrastrukturunun gücləndirilməsi yeni investisiyalar üçün mühüm üstünlüklər yaradır. İndi əsas məsələ bu imkanları konkret nəticələrə çevirməkdir.
İlk növbədə yerli icra hakimiyyəti orqanları Prezident tərəfindən müəyyən edilmiş hədəflərə nail olmaq və verilən tapşırıqların icrasını təmin etmək məqsədilə yerlərdə Dövlət Proqramının mahiyyəti, dövlət dəstəyi mexanizmləri və investisiya imkanlarının mütəmadi təbliğatını həyata keçirməli, nəzərdə tutulan hədəflərə çatmaq ucun zəruri tədbirləri görməlidirlər. Hər bir rayon üzrə torpaq, su, iqlim və mövcud istehsal imkanları təhlil edilməli, Dövlət Proqramının hədəflərinə uyğun olaraq rayonların aqrar ixtisaslaşması müəyyən edilməli və 2026–2030-cu illəri əhatə edən fəaliyyət planları hazırlanmalıdır. İcra hakimiyyəti orqanları yalnız inzibati funksiyanı yerinə yetirməməli, sahibkarla dövlət arasında əlaqələndirici və inkişafı təşkil edən əsas institut kimi fəaliyyət göstərməlidirlər. Bu məqsədlə əlaqələndirici orqanlar yaratmalı, yerlərdə fermerlərin müraciətlərinin və problemlərinin həlli istiqamətində sistemli və əlaqələndirilmiş iş təşkil etməlidirlər. Torpaqların əkin dövriyyəsinin genişləndirilməsi üçün təkliflər verilməlidir".
Səlahiyyətli nümayəndə qeyd edib ki, ikinci növbədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Dövlət Proqramının icrası üzrə vahid koordinasiya mexanizmi yaradılmalı, bütün aidiyyəti qurumların fəaliyyəti vahid plan əsasında əlaqələndirilməli, görülən işlərin nəticələri üzrə müntəzəm monitorinq və qiymətləndirmə aparılmalıdır: "Dövlət Proqramının hədəflərinə uyğun olaraq rayonların aqrar ixtisaslaşması yerli icra hakimiyyəti orqanları ilə birgə iş apararaq müəyyən edilməli və 2026–2030-cu illəri əhatə edən muxtar respublika üzrə vahid fəaliyyət planı hazırlanmalıdır. Hər bir tədbirin icra vəziyyəti göstəricilər əsasında izlənilməli, yaranan problemlər operativ qaydada aradan qaldırılmalıdır.
Aidiyyəti nazirlik və qurumların fəaliyyəti yalnız cari idarəetmə ilə məhdudlaşmamalı, torpaq analizləri genişləndirilməli, məhsul ixtisaslaşması elmi əsaslarla aparılmalı, müasir suvarma texnologiyalarının tətbiqi sürətləndirilməli, emal müəssisələrinin, soyuducu anbarların və digər infrastrukturunun inkişafı üzrə konkret layihələr hazırlanmalıdır. Eyni zamanda toxumçuluq, damazlıq, baytarlıq, aqrar sığorta, rəqəmsal xidmətlər və fermer məsləhət sistemləri üzrə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtında icrası təmin edilməlidir. Cənab Prezident müşavirədə yerli sahibkarlara və fermerlərə çox mühüm bir çağırış etdi - mövcud güzəştlərdən maksimum istifadə etmək, yeni investisiyalar qoymaq, müasir texnologiyalar tətbiq etmək, emal müəssisələri yaratmaq, əməkdaşlıq etmək və ölkəmizə idxal olunan məhsulların yerli istehsalını artırmaq. Artıq əsas məqsəd yalnız məhsul istehsal etmək deyil. Məqsəd yüksək məhsuldarlıq əldə etmək, məhsula əlavə dəyər qazandırmaq, onu emal etmək, bazara çıxarmaq və ixrac etməkdir".