BAKI, 22 iyun. TELEQRAF

İran Hörmüz boğazı vasitəsilə neft ixracını ən yüksək səviyyəyə çatdırıb.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, ABŞ sanksiyaları altında olan üç supertanker “Elva”, “Virgo” və “Vigor” boğazdan keçir. Onların göyərtəsində təxminən 6 milyon barrel İran nefti daşınır. Gəmilər Sinqapur istiqamətində hərəkət edir; xammal adətən oradan emal üçün Çinə göndərilir.

Agentliyin yazdığına görə, bu tədarüklər Vaşinqtonun gəmilərin İran limanlarına daxil olmasına qoyduğu məhdudiyyətləri aradan qaldırmasından sonra mümkün olub. Hörmüz boğazı vasitəsilə ümumi yükdaşıma trafikinin də artdığı bildirilir. Münaqişədən əvvəl dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 20%-i bu boğazdan keçirdi.