ŞƏRUR, 22 iyun. TELEQRAF
Dövlət Proqramının uğurla icrası su ehtiyatlarından səmərəli istifadə məsələləri ilə sıx bağlıdır. Prezident İlham Əliyevin 21 fevral 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” muxtar respublikanın su təminatının yaxşılaşdırılması, yeni su mənbələrinin yaradılması, suvarma infrastrukturunun müasirləşdirilməsi və su itkilərinin minimuma endirilməsi istiqamətində mühüm vəzifələr müəyyən edib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev Şərur şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Nazir qeyd edib ki, bu baxımdan hər iki strateji sənəd bir-birini tamamlayır.
"Su ehtiyatlarının səmərəli idarə olunması əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması üçün əsas şərtlərdən biridir. Yeni suvarma layihələrinin həyata keçirilməsi, müasir suvarma texnologiyalarının tətbiqi və meliorativ tədbirlərin genişləndirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafına güclü təkan verəcək.
Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində məhsul istehsalı ilə yanaşı emal sənayesinin inkişafı, aqroparkların və logistika imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllərin istifadəsi və kənd təsərrüfatında elmi yanaşmaların gücləndirilməsi də xüsusi diqqət mərkəzində saxlanılmalıdır.
Dövlət Proqramının qarşıya qoyduğu hədəflərə nail olunmasında dövlət dəstəyi mexanizmləri mühüm rol oynayır. Bu baxımdan Naxçıvan Muxtar Respublikasına göstərilən xüsusi diqqət və tətbiq olunan diferensial dəstək tədbirləri aqrar sektorun inkişafına mühüm töhfə verir.
Muxtar respublikanın coğrafi mövqeyi, məhdud torpaq və su resursları, həmçinin nəqliyyat-logistika imkanlarının özünəməxsusluğu nəzərə alınaraq bir sıra istiqamətlərdə daha yüksək dövlət dəstəyi mexanizmləri tətbiq edilir. Xüsusilə bağçılıq sahəsində subsidiya əmsallarının ölkənin digər bölgələri ilə müqayisədə daha yüksək müəyyən edilməsi intensiv bağların salınmasına, meyvə istehsalının artırılmasına və ixracyönümlü məhsul istehsalının genişlənməsinə əlverişli şərait yaradır.
Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin “Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Naxçıvanda istehsal olunan məhsulların daşınması ilə bağlı logistika xərclərinin subsidiyalaşdırılması muxtar respublika istehsalçıları üçün mühüm üstünlüklər yaradır. Bu dəstək mexanizmi məhsulların daxili və xarici bazarlara daha rəqabətqabiliyyətli şəkildə çıxarılmasına, istehsalçıların nəqliyyat xərclərinin azalmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradır".
R.Quliyev vurğulayıb ki, dövlət tərəfindən tətbiq edilən təşviq mexanizmləri fermerlərin və sahibkarların fəaliyyətinin genişləndirilməsi üçün etibarlı zəmin formalaşdırır. Qarşıdakı dövrdə Dövlət Proqramının icrası çərçivəsində bu imkanlardan daha səmərəli istifadə olunması, yeni əkin sahələrinin dövriyyəyə cəlb edilməsi, məhsul istehsalının artırılması və emal sənayesinin inkişafı Naxçıvanın aqrar potensialının tam reallaşdırılmasına xidmət edəcək.
Əminik ki, dövlət başçısının aqrar sahəyə göstərdiyi davamlı diqqət və qayğı, qəbul edilmiş strateji sənədlərin ardıcıl icrası nəticəsində Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı daha da inkişaf edəcək, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd əhalisinin rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulan məqsədlərə uğurla nail olunacaq".