ŞƏRUR, 22 iyun. TELEQRAF

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun yeni inkişaf mərhələsini müəyyən edən mühüm strateji sənəddir. Bu proqram kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, emal sənayesinin inkişaf etdirilməsi, ixrac imkanlarının artırılması və kənd yerlərində məşğulluğun genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev Şərur şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası üçün Dövlət Proqramının əhəmiyyəti daha böyükdür:

"Çünki, muxtar respublika məhdud torpaq və su resurslarına malik olmaqla yanaşı, özünəməxsus iqlim şəraiti, əlverişli coğrafi mövqeyi, zəngin kənd təsərrüfatı ənənələri və yüksək əmək potensialı ilə fərqlənir. Naxçıvanın dağlıq və aran ərazilərinin mövcudluğu burada müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafına imkan yaradır. Taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük, yemçilik, heyvandarlıq və digər istiqamətlər üzrə mövcud potensialın daha səmərəli istifadəsi Dövlət Proqramının əsas hədəfləri ilə tam uzlaşır.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri istifadəsiz və ya natamam istifadə olunan torpaq sahələrinin dövriyyəyə cəlb olunması, əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılmasıdır. Əkin sahələrinin artırılması həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də kənd yerlərində əhalinin gəlirlərinin yüksəlməsinə mühüm töhfə verəcək. Məhz bu məqsədlə cari ildə muxtar respublika üzrə 20 min hektar sahədə payızlıq taxıl əkini aparılması hədəf kimi müəyyənləşdirilib".

Onun sözlərinə görə, bu göstəriciyə nail olunması daxili tələbatın ödənilməsi, taxıl istehsalının artırılması və strateji ərzaq ehtiyatlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir: Eyni zamanda növbəti ilin məhsulu üçün yazlıq əkin sahələrinin 6 min hektara çatdırılması nəzərdə tutulur. Bu istiqamətdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin və aidiyyəti qurumların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır".