ŞƏRUR, 22 iyun. TELEQRAF
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Dövlət başçısının qeyd olunan müşavirədə vurğuladığı kimi, 2004-cü ildən etibarən ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ardıcıl şəkildə icra olunub, regionlarda əsas infrastruktur yaradılmış, yollar, enerji, qaz, su və digər zəruri təminat sistemləri qurulub.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Şərur şəhərində “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi məqsədilə Naxçıvan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, eyni zamanda kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə ayrıca dövlət proqramlarının icrası, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizminin tətbiq edilməsi, fermerlərə gübrə və yanacaq güzəştlərinin verilməsi, məsləhət xidmətlərinin göstərilməsi, dövlət xətti də daxil olmaqla güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnika təminatı, soyuducu anbarların və istixana komplekslərinin genişləndirilməsi, su təsərrüfatı infrastrukturunun möhkəmləndirilməsi və müasir suvarma sistemlərinin tətbiqi istiqamətlərində görülmüş işlər aqrar sektorun son illərdə inkişafına ciddi təkan verib.
"Belə ki, aqrar sektorun müxtəlif sahələrində istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb, bir sıra əsas məhsullar - kartof, üzüm, müxtəlif növ ət istehsalı və s. üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə, giləmeyvə, tərəvəz, bostan məhsulları, yumurta, şəkər üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub. Lakin Cənab Prezident tərəfindən aqrar sahədə dinamikanın qaneedici olmadığı vurğulanıb, bir sıra istiqamətlər üzrə hədəflər müəyyən edilib və qarşıya qoyulan hədəflərə çatmaq üçün yeni yanaşmalara, daha yüksək məhsuldarlığa, daha geniş özəl investisiyalara və daha səmərəli idarəetməyə ehtiyac olduğu müəyyən edilib.
Bununla da, aqrar sahə üzrə keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi, müasir dövrün tələblərinə cavab verən, yüksək məhsuldarlığa malik istehsala istiqamətlənmiş yeni Dövlət Proqramı qəbul edilib. Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.
Məhsuldarlığın və ixracın artırılması ilə yanaşı, kənd yerlərində rifahın yüksəldilməsi, əhalinin kəndlərə geri qaydışına nail olmaq üçün aqrar sektorun daha gəlirli sahəyə çevrilməsi cənab Prezident tərəfindən Proqram çərçivəsində müəyyən edilmiş əsas hədəflərdəndir", - deyə qeyd edib.
C.Cəlilov bildirib ki, məhz bu baxımdan qəbul edilmiş 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı ölkəmizin aqrar inkişaf mərhələsində yeni bir strateji yol xəritəsidir: "Dövlət başçısı öz çıxışında əminliklə qeyd edib ki, proqramda nəzərdə tutulan tədbirlər tam və vaxtında icra edilərsə, ölkənin ərzaq təhlükəsizliyi daha da möhkəmlənəcək, kənd təsərrüfatı məhsullarının istehsalı artacaq, bir sıra məhsullar üzrə özünütəminetmə səviyyəsi yüksələcək və kənd yerlərində iqtisadi fəallıq güclənəcək.
Cənab Prezident vurğulayıb ki, Dövlət Proqramının uğuru yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də özəl sektorun fəal iştirakı ilə təmin olunacaqdır. Bu, təkcə iqtisadi məsələ deyil, həm də milli məsuliyyət məsələsidir. Aqrar sahəyə qoyulan hər bir investisiya ölkəmizin ərzaq təhlükəsizliyinə, regionların inkişafına və gələcək rifahına xidmət edir.
Bir sıra məhsullar üzrə göstəricilərə toxunan ölkə başçısı özəl sektora mesajlar göndərib və sahəyə sərmaye qoymaq üçün çağırış edib.
Verilmiş tapşırıqların və müəyyən edilmiş tədbirlərin icrasına, eləcə də qarşıya qoyulmuş hədəflərə nail olunmasına ölkəmizin bütün regionları, o cümlədən Naxçıvan Muxtar Respublikası öz töhfəsini verməlidir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası ölkəmizdə artıq ən əlverişli investisiya və istehsal məkanlarından biri hesab edilə bilər. Cənab Prezidentin xüsusi qayğısı və göstərişləri ilə son illər muxtar respublika fermerlərinə və sahibkarlarına dövlət dəstəyinin əhatəsi, eləcə də blokada amili nəzərə alınaraq xüsusi imtiyazların tətbiqi daha da genişləndirilib.
Belə ki, müvafiq qaydada sahibkarlıq subyektlərinin 10 il müddətinə vergi və gömrük rüsumlarından azad olması, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, muxtar respubliakda istehsal olunan məhsulların ölkənin digər hissəsinə daşınmasının daşıma xərclərinin subsidiyalaşdırılması, muxtar respublikanın bütün ərazisinin heyvan xəstəliklərindən azad zonaya çevrilməsi, eləcə də kənd təsərrüfatı subsidiyalarının fərqləndirilmiş əmsallarla ödənişi aqrar sahənin inkişafına əhəmiyyətli stimul verəcək.
Eləcə də, Prezidentin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası sahənin inkişafına ciddi təkan verəcək".