BAKI, 19 iyun. TELEQRAF
2025-ci ildə ICIEC üzv ölkələrdə ticarət və investisiya sığortası üzrə 17,7 milyard ABŞ dolları həcmində əməliyyatları sığortalayıb.
Teleqraf xəbər verir ki, bu barədə İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş icraçı direktoru, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarının yekun mətbuat konfransında deyib.
O qeyd edib ki, məliyyatlar vasitəsilə 6 mindən çox kiçik və orta sahibkarlıq subyekti birbaşa dəstəklənib:
“Bunun nəticəsində 290 mindən çox iş yerinin yaradılmasına töhfə vermişik.
Azərbaycana gəlincə, əməkdaşlığımız ölkənin 2023-cü ildə ICIEC-ə üzv olmasından sonra başlayıb.
Bu günədək Azərbaycanda əsasən ticarət, həmçinin telekommunikasiya sektorunda xarici birbaşa investisiyaların cəlbi istiqamətində 165 milyon ABŞ dollarından çox həcmdə sığorta dəstəyi göstərmişik.
İnanırıq ki, Azərbaycanda fəaliyyətimizi daha da genişləndirmək üçün böyük potensial mövcuddur.
Hazırda yeni korporativ strategiyamızın icrasına başlayırıq və İslam İnkişaf Bankı Qrupunun digər qurumları ilə birlikdə vahid komanda kimi daha genişmiqyaslı nəticələr əldə etmək üçün çalışacağıq.
Xüsusilə Mərkəzi Asiyada təkcə öz resurslarımızı deyil, həm də digər ixrac kredit agentliklərinin və çoxtərəfli maliyyə institutlarının imkanlarını səfərbər etməyi planlaşdırırıq”.