BAKI, 19 iyun. TELEQRAF

Son beş-altı ildə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilən qeyri-neft-qaz sektorunun inkişafı bizim əsas prioritetimizdir.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarının yekun mətbuat konfransında deyib.

Nazir digər başlıca sahələri qeyd edib:

“Bunlar qeyri-neft sənayesi, dağ-mədən sənayesi və kritik minerallar, kənd təsərrüfatı və aqrar emal və nəqliyyat və logistika sahəsidir.

“Azərbaycanın əlverişli coğrafi mövqeyi, həmçinin nəqliyyat infrastrukturunun genişləndirilməsinə yönəlmiş ardıcıl siyasəti bu sahəni xüsusilə cəlbedici edir.

Əlbəttə, turizm sektorunu da unutmaq olmaz. Hesab edirəm ki, bu tədbirin özü də Azərbaycanın turizm potensialını nümayiş etdirmək baxımından yaxşı fürsət oldu.

Bərpa olunan enerji, maliyyə xidmətləri və iqtisadiyyatın rəqəmsallaşdırılması isə bütün bu istiqamətləri tamamlayan əsas sahələr olaraq qalır.

Bundan əlavə, Azərbaycanın siyasi və makroiqtisadi sabitliyi, regiondakı strateji coğrafi mövqeyi, güclü maliyyə imkanları, dövlət borcunun çox aşağı səviyyədə olması, yüksək və dayanıqlı valyuta ehtiyatları, həmçinin beynəlxalq reytinq agentliklərinin ölkənin investisiya cəlbediciliyini yüksək qiymətləndirməsi investorlar üçün mühüm üstünlüklərdir”.