BAKI, 19 iyun. TELEQRAF
İslam İnkişaf Bankının İordaniya ilə çox sağlam və güclü əməkdaşlığı var. Hazırda İordaniyada duzsuzlaşdırma (desalination) layihəsi ilə bağlı müzakirələr aparılır və düşünürəm ki, bu müzakirələr artıq yekunlaşmaq üzrədir.
Teleqraf xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cəssir Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarının yekun mətbuat konfransında deyib.
O qeyd edib ki, İordaniya bankın həm nümunəvi üzvü, həm də etibarlı borcalanlarından biridir:
“Ona görə də İordaniya istənilən layihə ilə müraciət etdiyi zaman biz maliyyələşdirməyə hazırıq. İordaniyada layihələrin maliyyələşdirilməsi baxımından heç bir maneə yoxdur.
Su təsərrüfatı, suvarma və dəniz suyunun duzsuzlaşdırılması sahələrində bir neçə layihə üzrə danışıqların uğurla başa çatacağını gözləyirik. Bu səbəbdən İordaniya ilə gələcək əməkdaşlığımıza nikbin baxıram. Əlbəttə, əvvəlki illərdən davam edən və hazırda icra mərhələsində olan layihələrimiz də mövcuddur”.