BAKI, 19 iyun. TELEQRAF

Bakıda aparılan məhsuldar müzakirələr konkret nəticələrlə müşayiət olundu. 10 üzv ölkə, bir sıra regional institutlar və özəl sektor şirkətləri ilə ümumi dəyəri 6 milyard ABŞ dolları olan 67 saziş imzalanıb.

Teleqraf xəbər verir ki, bu barədə İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cəssir Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarının yekun mətbuat konfransında deyib.

O qeyd edib ki, bu razılaşmalar strateji əhəmiyyət daşıyan sahələri əhatə edir və İİB Qrupunun vahid komanda kimi yüksək təsirli inkişaf layihələrini həyata keçirmək əzmini bir daha nümayiş etdirir:

“Bundan əlavə, İslam İnkişaf Bankı doqquz transformativ layihənin maliyyələşdirilməsi üçün 2,8 milyard ABŞ dolları məbləğində yeni maliyyə paketini təsdiqləyib.

Bu layihələr doqquz üzv ölkədə nəqliyyat əlaqələrinin inkişafına, enerji təhlükəsizliyinin gücləndirilməsinə, ərzaq sistemlərinin təkmilləşdirilməsinə, iqlim dayanıqlığının artırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə xidmət edəcək”.