BAKI, 19 iyun. TELEQRAF

OPEC Fondu ilə Sumqayıt şəhərinin tullantı sularının təmizlənməsi layihəsi üzrə suveren maliyyələşmə sazişinin dəyəri 100 milyon ABŞ dollarını ötür.

Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarının yekun mətbuat konfransında deyib.

“Həmçinin Abşeron yarımadasında yerləşən 33 kənd və qəsəbənin su təchizatını əhatə edən layihə üzrə də razılaşma əldə olunub.

Bizim üçün sevindirici haldır ki, tədbir çərçivəsində Azərbaycanın da tərəf olduğu çoxtərəfli maliyyə institutları arasında müqavilələr və razılaşmalar imzalanıb. Buna nümunə olaraq İslam İnkişaf Bankı Qrupu ilə Türk İnvestisiya Fondu arasında bağlanmış çərçivə sazişini göstərmək olar.

Bildiyiniz kimi, Türk İnvestisiya Fondu nisbətən gənc beynəlxalq maliyyə institutudur və fəaliyyətə yeni başlasa da, artıq kifayət qədər cəlbedici layihələr portfelinə malikdir”.