BAKI, 19 iyun. TELEQRAF
Hazırda Azərbaycanda İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə ümumi dəyəri təxminən 640 milyon ABŞ dolları olan 11 layihə icra olunur.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantılarının yekun mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycanın banka üzv olmasından artıq 30 ildən çox vaxt keçir: "Bu müddət ərzində İİB ölkəmizdə infrastruktur, kənd təsərrüfatı, energetika, su ehtiyatları, nəqliyyat və maliyyə xidmətləri kimi əsas sahələri əhatə edən 84 layihəyə təxminən 1,8 milyard ABŞ dolları həcmində maliyyə ayırıb.
Layihələrin böyük əksəriyyəti artıq uğurla başa çatdırılıb. Digər üzv ölkələrin və bank rəhbərliyinin dəstəyi ilə Azərbaycan bankın səhmdar strukturundakı mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirib. Hazırda ölkəmizin bankdakı payı ilkin 0,1 faizdən 1 faizə yüksəlib. Bu isə İİB Qrupuna artan bağlılığımızı və fəal iştirakımızı əks etdirir".
M.Cabbarov qeyd edib ki, Azərbaycan ilə İİB Qrupu arasında 2027–2031-ci illəri əhatə edən Ölkə Tərəfdaşlıq Strategiyası hazırlanıb.
"Bu sənəd “Azərbaycan 2030” Milli Prioritetləri ilə yanaşı, İİB Qrupunun 2026–2035-ci illəri əhatə edən 10 illik strateji çərçivəsinə uyğun uzunmüddətli və nəticəyönümlü əməkdaşlıq platforması formalaşdırır. Strategiya əsas sahələr üzrə daha hədəfli və yüksək təsirli layihələrin həyata keçirilməsini təmin edəcək".
M.Cabbarov əlavə edib ki, növbəti beş il ərzində bank ilə əməkdaşlıq iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalına investisiyalar, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, eləcə də regional bağlantıların genişləndirilməsinə yönələcək.