BAKI, 19 iyun. TELEQRAF
İslam İnkişaf Bankı (İİB) ilə Banka üzv bir sıra ölkələr və beynəlxalq maliyyə institutları arasında saziş və anlaşma memorandumları imzalanıb.
Teleqraf xəbər verir ki, sənədlər Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları çərçivəsində imzalanıb.
Ümumi dəyəri 1 milyard 427 milyon 750 min ABŞ dolları və 368,7 milyon avro olan sənədlər Kot-d’İvuar, Qambiya, Mavritaniya, Somali, Bəhreyn, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Misir, Uqanda, Çin, Qazaxıstan, Niger, Böyük Britaniya, Burkina-Faso və Özbəkistanı əhatə edir. İmzalanma mərasimi çərçivəsində Fələstin Dövləti ilə İİB-nin Güzəştli Fondunun (ICF) krediti hesabına maliyyələşdirilən, dəyəri 37 milyon ABŞ dolları olan “Günəş Enerjisi Sahəsi” layihəsi üzrə investisiya sazişi imzalanıb.
Bundan başqa, IsDB Qrupunun İnvestisiyaların və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) ilə Türkiyə arasında Kınalı-Tekirdağ-Çanaqqala-Savaştepe magistral yolunun Kınalı-Malkara hissəsinin layihələndirilməsi, tikintisi, istismara verilməsi, saxlanılması və idarə olunmasının maliyyələşdirilməsi üçün 150 milyon avro məbləğində suveren risk sığortası sazişi bağlanıb. Daha sonra IsDB Qrupunun Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə Özbəkistanın “Invest Finans Bank”ı arasında 60 milyon ABŞ dolları, “Orient Finans Bank”ı ilə isə 40 milyon ABŞ dolları məbləğində Ticarətin Maliyyələşdirilməsi Xətti sazişləri imzalanıb.
Qeyd olunub ki, bu sazişlər Özbəkistanda İslam ticarətinin maliyyələşdirilməsi sahəsinin inkişafına və ölkənin bu istiqamətdə mövqeyinin gücləndirilməsinə xidmət edəcək. Eyni zamanda, ITFC ilə Burkina-Faso arasında ümumi məbləği 1 milyard ABŞ dolları olan beşillik Çərçivə Sazişi imzalanıb. Saziş Burkina-Fasonun 2026–2030-cu illəri əhatə edən “Relance” Milli İnkişaf Planına uyğun olaraq uzunmüddətli əməkdaşlıq platforması yaradır. Bununla yanaşı, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Qazaxıstanın “KazAgroFinance” Səhmdar Cəmiyyəti arasında Strateji Anlaşma Memorandumu da imzalanıb.