BAKI, 19 iyun. TELEQRAF
Azərbaycanda tullantı suları və ətraf mühitin monitorinqinin inkişafında əsas çətinliklərdən biri institusional parçalanmadır.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirəsində deyib.
O qeyd edib ki, bu müxtəlif agentliklər və nazirliklər arasında qərarvermə və prioritetlərin fərqli olması deməkdir:
“Bu həm çətinlikdir, həm də əslində əməkdaşlıq üçün imkan yaradır.
İkinci çətinlik texniki potensialın məhdudluğudur — laboratoriyalar, monitorinq sistemləri, mühəndis sayı və s. Lakin biz bunu imkan kimi görürük. Məsələn, yeni magistr proqramlarının yaradılması ilə gənc mütəxəssislər hazırlanır və bu, gələcək üçün investisiyadır.
Üçüncü məsələ dayanıqlı maliyyələşmədir. Beynəlxalq maliyyə institutları — ADB, IsDB, EBRD kimi tərəfdaşlarla əməkdaşlıq yalnız maliyyə deyil, eyni zamanda beynəlxalq təcrübə və standartların tətbiqi deməkdir.
Son olaraq isə infrastruktur boşluqlarıdır. Bu, həm ətraf mühit, həm də ictimai sağlamlıq baxımından ciddi çağırışdır. Amma eyni zamanda, müasir texnologiyalar, süni intellekt və rəqəmsal sistemlərdən istifadə etməklə ən müasir infrastruktur qurmaq üçün fürsət yaradır”.