BAKI, 19 iyun. TELEQRAF
Orta Dəhlizdə gömrük sistemlərinin modernləşdirilməsi, sərhəd idarəetmə sistemlərinin qurulması və bütün dəhlizi əhatə edən vahid məlumat platformalarının yaradılması baxımından proses hələ çox erkən mərhələdədir.
Teleqraf xəbər verir ki, bu barədə Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Dövlət Sektoru Müştəriləri Departamentinin baş direktoru Xiaohong Yang İslam İnkişaf Bankı (IsDB) Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, hazırda Orta Dəhlizdə fəaliyyət göstərən logistika platformalarına rəqəmsal yük bazarları, yüklərin izlənməsi platformaları, təchizat zəncirinin idarə olunması sistemləri və intermodal sifariş platformaları daxildir:
“Bu həftə keçirdiyim bütün görüşlərdə bu sualı bütün tərəflərə ünvanladım. Mənim qənaətimə görə, onlar bu istiqamətdə addımlar atmağı nəzərdən keçirirlər. Bununla belə, ölkələr bu istiqamətdə irəliləməyə çox sadiqdirlər və fəal şəkildə çalışırlar”, – deyə o bildirib.
Xiaohong Yang vurğulayıb ki, rəqəmsal platformaların yaradılması baxımından həm dövlət, həm də özəl sektorun rolu çox vacibdir və bu işi yalnız özəl sektorun öhdəsinə buraxmaq olmaz:
“Başlanğıc mərhələsində bu, olduqca çətin ola bilər. Çünki bir çox rəqəmsal platforma yalnız istifadəçi bazasına arxalanarsa, çox bahalı olan rəqəmsal infrastrukturun maliyyələşdirilməsi üçün kifayət qədər gəlir əldə edə bilməz. Əvvəlcə bu sistemlərin işləməsi üçün zəruri olan əsas rəqəmsal infrastruktur qurulmalıdır. Daha sonra isə yükdaşıyan şirkətlərin bu sistemlərə etimadı formalaşdırılmalıdır”, – deyə Baş direktor qeyd edib.
O əlavə edib ki, əsas məqsəd və əsas fəaliyyət göstəricisi (KPI) yükün göndərildiyi məntəqədən son təyinat nöqtəsinə qədər ümumi tranzit müddətinin azaldılmasıdır.